Qarabağ FK
Qarabağ FK

Komandamız Ağdamın işğalı günündə qazandığı qələbə ilə bütün Azərbaycan xalqına sevinc bəxş etdi

Bu gün Ağdamın “Qarabağ” klubu Avropaliqanın ikinci təsnifat mərhələsinin oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda Norveçin “Rusenborq” klubunu qəbul edib. Hər iki komanda oyuna qarşılıqlı hücumlarla başlayıb. Qapılar qarşısında bir neçə dəfə təhlükəli vəziyyətlər yaradılsa da, hər iki komandanın qapıçıları sayıqlıq nümayiş etdirib. Birinci hissənin 45-ci dəqiqəsində hakim rəqib qapısına cərimə zərbəsi təyin edib. Rəşad Sadıqovun qapıya doğru endirdiyi qüvvətli zərbə rəqib qapıçı üçün qarşısı alınmaz olub və hesab açılıb.

İkinci hissədə bütün komanda ilə irəli atılan norveçlilərin bütün səylərini qapıçımız Fərhad Vəliyev puça çıxarıb. Matçın 78-ci dəqiqəsində qapımıza cərimə zərbəsi təyin edilib. Lakin cərimə zərbəsi canlı səddən geri dönüb. İkinci zərbədən sonra Rəşad Sadıqov komandamızı qoldan xilas edib.

Matçın 82 -ci dəqiqəsində isə qapı tiri rəqibi xilas edib. Belə ki, Vaqif Cavadovun zərbəsi tirə tuş gəlib. Oyunda yadda qalan son təhlükəli məqam da elə bu olub. Beləliklə, “Qarabağ” Ağdamın işğalı günündə qazandığı qələbə ilə bütün Azərbaycan xalqına sevinc bəxş edib.

Xatırladaq ki, bu komandalar arasında iyulun 16-da Norveçdə keçirilən qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Samin Abdullayev /ANS PRESS/