TQDK
TQDK

Azərbaycan Bölməsi

 
 

“Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil etməlidirlər.

İxtisas seçmək hüququna yalnız test imtahanında iştirak etmiş və imtahan nəticələri müsabiqə şərtlərini tam  ödəyən abituriyentlər malikdirlər.

“Abituriyentin elektron ixtisas seçimi ərizəsi” ilə işləmək üçün abituriyent:

1.      Məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə özü üçün 1000-9999 intervalında olan ixtiyari 4 rəqəmli parol müəyyənləşdirir. Bu parol abituriyentin öz elektron ixtisas seçimi ərizəsinə hər dəfə daxil olub işləmək istədiyi halda proqram tərəfindən soruşulacaq. Abituriyent parolunu unutmamalı və məxfi saxlamalıdır.

2.      http://www.tqdk.gov.az internet saytında yerləşdirilmiş ixtisas seçiminə aid linkə (və ya  http://www.tqdk.gov.az/ali2009/pageparol.aspx  internet ünvanına) daxil olur.

3.      Açılmış səhifədə müvafiq sahələrə iş nömrəsini və şifrini daxil edib “Daxil ol” düyməsini basır.

4.      İş nömrəsi və şifr düzgün daxil edildiyi halda ekranda “Parolunuzu daxil edin” və “Parolunuzu təkrar daxil edin” sahələri açılır. Abituriyent bu sahələrə 4 rəqəmli parolu daxil edir və “Növbəti” düyməsini basır. “Növbəti” düyməsi basıldıqdan sonra abituriyentin iş nömrəsi, soyadı, adı, atasının adı, bölməsi, ixtisas qrupu, imtahan verdiyi xarici dil, imtahan fənlərindən topladığı nisbi ballar, ümumi balı əks olunan yeni səhifə açılır. Bu səhifəyə ixtisas kodlarını daxil etmək üçün nəzərdə tutulmuş 8 boş sahə yerləşdirilmişdir.

5.      Qəbul olmaq istədiyi 8-dək ixtisasın kodunu istəyinə uyğun ardıcıllıqda müvafiq sahələrə daxil edir.

6.      İxtisas kodlarını daxil etdikdən sonra “Yadda saxla” düyməsini basır. İxtisas kodu düzgün daxil edilibsə, kodun qarşısında ona uyğun olan təhsil müəssisəsinin və  ixtisasın adı,  təhsil forması və ixtisasın dövlət hesablı və ya ödənişli olması barədə məlumat proqram tərəfindən göstərilir. Səhv olan ixtisas kodunun qarşısına proqram səhvin mahiyyəti barədə məlumat çıxarır.

7.      “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni təsdiqləyənədək öz ərizəsinə təkrar müraciət etməklə seçdiyi ixtisasların siyahısında dəyişikliklər apara bilər.

8.      Seçimini dəqiqləşdirdikdən sonra “Təsdiq et” düyməsini basmaqla elektron ərizəni təsdiqləyir. “Təsdiq et” düyməsi basıldıqda proqram abituriyentə bundan sonra düzəliş aparmağa imkan verilməyəcəyi barədə xəbərdarlıq edir və seçim üçün “Təsdiq”“İmtina” düymələrindən birini basmağı təklif edir. Abituriyent “İmtina”  düyməsini basmaqla təsdiqdən imtina edib elektron ərizədə yenidən düzəliş apara bilər. Əgər abituriyent “Təsdiq” düyməsini basarsa, elektron ərizə təsdiqlənir və bundan sonra elektron ərizədə düzəliş etməyə imkan verilmir.

9.      “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin surətini çap etmək istədiyi halda “Çap  variantı” düyməsindən istifadə edir.