Qəzetimizin ötən saylarında nurçu şəbəkəsi ilə bağlı ilginc məlumatlar vermişdik. Dünən redaksiyamıza nurçuların ölkəmizdəki fəaliyyəti ilə bağlı yeni məlumatlar daxil olub. Məlumatda deyilir ki, ötən gün hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bir neçə nurçu qanunsuz dini təbliğatla məşğul olduqları üçün saxlanılıb. Bunlar Elnur İbrahimov, Mayis Abdullayev və Şükür Babaşovdur.
Araşdırmalar zamanı onların dini ekstremizmə aid ədəbiyyatları qanunsuz yaymaları faktı aşkarlanıb. Bu kitablar əsasən Fətullah Gülən, Səid Nursi (Kürdü) və digər nurçu ideoloqların nəşrləridir. Eyni zamanda müxtəlif disklər aşkarlanaraq götürülüb. Xatırladaq ki, nurçular rayonlarda da geniş şəbəkə yaradıb.
Bizi məlumatlandıran mənbə bildirdi ki, Yeni Azərbaycan Partiyasını Zaqatala rayon təşkilatının binası Gəncliyə  Yardım Fondu tərəfindən tikilərək partiyaya hədiyyə edilib. Adı çəkilən fondun nurçuların təşkilatı olduğu bildirilir.
Ümumiyyətlə, son vaxtlar ölkəmizdə nurçulara qarşı təzyiq artıb. Buna səbəb Azərbaycan iqtidarındakı qüvvələrlə nurçuların arasının dəyməsidir. Aldığımız məlumatda bildirilir ki, bu cür basqın iyunun əvvəllərində Yasamal rayonunda nur evlərinə də olmuşdur. Digər nur evlərindəki “abla və abilər” bundan xəbər tutaraq kitabları və diskləri aradan çıxara bilmişdilər. Kitablar Azərbaycana dərslik adı ilə gətirilir. Əsas satış mərkəzi Nil mağazalar şəbəkəsidir. Daha açıq təbliğatlı kitablar mağazalara deyil, birbaşa evlərə paylanır. Türk liseylərində, “Araz” hazırlıq kurslarında, Qafqaz Universitetində adı çəkilən kitablar dərslik kimi istifadə edilir. Kitablar böyük təsir gücünə malikdir.

Türkan Turan / musavat.com