Deko
Deko

Türkiyənin “Qalatasaray” klubu Portuqaliya milli komandasının futbolçusu Dekonun transferini reallaşdırıb.

“Sabah” qəzetinə istinadən məlumata görə, əsl adı Anderson Luis de Souza olan 32 yaşlı yarımmüdafiəçi iyulun 24-də “sarı-qırmızılar”la müqavilə bağlayacaq.

Braziliyada doğulan Dekonun keçidi “Cim-Bom”un yeni baş məşqçisi Frank Raykaardın istəyilə reallaşıb. Raykaard İspaniyanın “Barselona” komandasında çalışdığı vaxt bu futbolçu onun rəhbərliyi altında çıxış edib. Pleymeker funksiyasını yerinə yetirən Deko ötən mövsümün əvvəlində 10 milyon avro qarşılığında İngiltərənin “Çelsi” klubuna keçsə də, əvvəlki kimi çıxış edə bilməyib. Artıq o, “zadəganlar”ın yeni baş məşqçisi Karlo Ançelottinin yeni mövsüm üçün planlarında nəzərdə tutulmayıb.

“Qalatasaray” rəsmisi Haldun Üstünellə görüşən Deko Türkiyə klubunun təklifini müsbət cavablandırıb. O, yeni klubunda heyətdən kənarlaşdırılan Cassio Linkolnun çıxış etdiyi pleymeker mövqeyində oynayacaq.

Qeyd edək ki, Deko hazırda “Çelsi” ilə birgə ABŞ-da təlim-məşq toplantısındadır. Onun “Cim-Bom”un düşərgəsinə nə vaxt qatılacağı hələ məlum deyil.

Lent.az