Əli Həsənov
Əli Həsənov

İyulun 22-də Bakı Əyləncə Mərkəzində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Mətbuat Şurasının təşkilatçılığı ilə Azərbaycan Jurnalistikası Gününə həsr olunmuş tədbir keçirilib. Bu, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ilə Mətbuat Şurasının təşkil etdiyi ilk tədbirdir.

Tədbirdə fondun icraçı direktoru Vüqar Səfərli, fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, veteran jurnalist, uzun müddət “Azərbaycan gəncləri” qəzetinin baş redaktoru olmuş Yusif Kərimov çıxış ediblər.

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov çıxışında Azərbaycan mediasının keçmiş SSRİ məkanında ən qabaqcıllardan biri olduğunu vurğulayıb, amma qeyd edib ki, problemlər də var.

Ə.Həsənovun sözlərinə görə, Azərbaycan mediasının birinci problemi onun maddi-texniki bazasının zəifliyi, KİV-in müstəqil yaşamaq imkanlarının aşağı olmasıdır: “Azərbaycan mediasının ikinci ən böyük problemi peşəkar jurnalistlərin sayının azlığıdır. Mediada peşəkar jurnalistlər qeyri-peşəkarların sayından 10 dəfə azdır. Əgər bir qəzetdə beş peşəkar jurnalist varsa, əlli beş nəfər cibində vəsiqə gəzdirən və təəssüflər olsun ki, Azərbaycan cəmiyyətinin yönəldilməsində, mənəvi dəyərlərinin formalaşdırılmasında iştirak edənlər var. Mənəvi potensialı olan insanlardan mətbuat səhifələrində az istifadə edilir və belə olan halda, mənəvi potensialı aşağı olanlar isə cəmiyyəti, insanları, ziyalıları yönəltməyə çalışırlar. Bu ziddiyyətlər isə mediamızın bugünkü inkişafına çox ciddi əngəl törədir”.