Bakı Futbol Klubu
Bakı Futbol Klubu

“Bakı” futbol klubu tarix yazıb. Komandamız Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda Litvanın “Ekranas” klubunu məğlub edərək növbəti mərhələyə keçib.

Xatırladaq ki, bir həftə öncə Litvada keçirilən oyunda 2:2 hesabı qeydə alınmışdı. Azərbaycan çempionunu növbəti mərhələyə keçmək üçün qolsuz bərabərlik və hətta 1:1 hesablı heç-heçə də qane edirdi. Amma baş məşqçi Qyoko Hacıyevski oyundan bir gün əvvəl Lent.az-a verdiyi müsahibədə komandasının ancaq qələbəyə kökləndiyini bildirmişdi.

“Bakı” futbolçuları qarşıya qoyulan vəzifəni layiqincə yerinə yetiriblər. İlk hissə qolsuz bitsə də, ikinci hissə qollarla zəngin olub. Hesab 60-cı dəqiqədə açılıb. “Bakı”nın yeni transferi Felipe komandamızı hesabda irəli çıxarıb. Bundan 6 dəqiqə sonra Mucuri 2-ci qolu rəqib qapısından keçirib. Daha 11 dəqiqə sonra Felipe hesabı 3:0 edib.

Bundan sonra bir qədər rahatlaşan “Bakı” 81-ci dəqiqədə qapısından top buraxıb. Amma cəmi 5 dəqiqə sonra Şoliç 4-cü topu rəqibin qapısına yönəldib. Oyunda nöqtəni isə “Ekranas” qoyub. Litva təmsilçiləri 90+2-ci dəqiqədə hesabı 4:2 edə biliblər.

Bununla da “Bakı” tarixində ilk dəfə növbəti mərhələyə adlayıb. Komandamızın növbəti rəqibi Bolqarıstanın “Levski” klubu olacaq.