Azercell və Azerfon
Azercell və Azerfon

Facebook’ta Paylaş
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə “Azerfon” və “Azercell” şirkətləri arasında yaranmış problemə münasibət bildirib.

“APA-ECONOMICS”-in məlumatına görə, nazir müavini hər bir operatorun öz fəaliyyətində ilk növbədə istifadəçilərinin maraqlarını nəzərə almalı olduğunu deyib: ““Azercell”in dünənki bəyanatı ilə bağlı onu qeyd edə bilərəm ki, operatorlar arasında hər hansı mübahisələr yaranırsa, onu Azərbaycan qanunvericiliyinə uyğun həll etmək lazımdır”.

E. Vəlizadənin sözlərinə görə, Azərbaycanda həm fəaliyyətin təşkili, həm yeni xidmətlərin göstərilməsi, həm də operatorlar arasında arabağlantı münasibətlərinin tənzimlənməsi üçün qanunverici qaydalar mövcuddur və mübahisələr bu çərçivədə həll olunmalıdır.

E. Vəlizadə RİTN-in mövqeyini belə açıqlayıb: “Ümumilikdə, baş vermiş hadisəni təqdirə layiq hal saymırıq. Çünki belə bir halda istifadəçilərin hüquqları pozulur. Şirkətlər arasında mübahisələr danışıq yolu ilə qanuni çərçivədə həll olunmalıdır. Biz tərəfləri aralarında yaranmış mübahisəni danışıqlar yolu ilə həll etməyə çağırırıq. Onu da qeyd etmək istəyirəm ki, qanuna əsasən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin də öz səlahiyyətləri var. Danışıqlar uğurla nəticələnməsə, biz də qanun çərçivəsində müəyyən addımlar ata bilərik”.