Güləşçimiz
Güləşçimiz
Elcan Usubzadə və Kazım Abbasov Ermənistan təmsilçilərinə Güləş üzrə Avropa birinciliyində qalib gəlib

 Serbiyanın Zrenyanin şəhərində yeniyetmələr arasında keçirilən Güləş üzrə Avropa birinciliyinə start verilib. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata əsasən, 5 sərbəst güləşçilərimizin mübarizə apardığı yarışın ilk günündə həmyerlilərimiz iki medal qazanmağa nail olublar. Özü də hər iki mükafatçımız medala gedən yolda erməni təmsilçisini kənarlaşdırıb. 85 kq çəki dərəcəsində mübarizə aparan Elcan Usubzadə türk Kərim Özbayı və gürcü Levan Qoqritçianini məğlub edərək, ¼ finala yüksəlib. Burada isə Elcan ermənistanlı Vahe Tamrazyanı mübarizədən kənarlaşdırıb. Həmyerlimizin növbəti qurbanı isə polşalı güləşçi Robert Baran olub. Təəssüf ki, həlledici görüşdə pəhləvanımız rusiyalı Məhəmmədhacı Xatıyevə məğlub olaraq yalnız ikinciliklə kifayətlənib.

Ağırlığı 69 kq olan idmançıların yarışında isə Kazım Abbasov medal qazanmağa nail olub. Bürünc medalı boynundan asan Abbasov da erməni güləşçisini məğlub edib. O, David Apoyanla mübarizənin ilk hissəsini 0:2 hesabı ilə geridə olsa da, sonrakı hissələrdə rəqibini heç bir şans verməyib, 6:0, 6:1.

Gəray Qiyasov /ANS PRESS/