Qəzetlər
Qəzetlər
Milli mətbuatın ilk nümunəsi olan “Əkinçi” qəzeti 134 il əvvəl Azərbaycan oxucusuna təqdim edilib

Bu gün Azərbaycan mətbuatının yaranmasının 134-ci ildönümüdür. Azərbaycan maarifçiliyinin böyük nümayəndələri sırasında xüsusi yeri olan Həsən Bəy Zərdabi çətinliklə icazəsini aldığı “Əkinçi” qəzetinin ilk nömrəsini 1875-ci il məhz iyulun 22-də Azərbaycan oxucusuna təqdim edib. Beləliklə də əkməklə başlayan mətbuatımız həm də azad sözün toxumlarını səpib.

İlk baxışdan qüsurlar nəzərə çarpsa da, “Əkinçi” millətin aynası olub. Həsən Bəy Zərdabi Azərbaycanda hökm sürən cəhalətin və savadsızlığın aradan qaldırılması üçün mətbuatı əvəzolunmaz vasitə hesab edirdi. 1875-ci ilin iyulundan 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi çıxan “Əkinçi”nin Mirzə Fətəli Axundov, Nəcəf Bəy Vəzirov, Əsgər Ağa Gərani və sair kimi köməkçi və müxbirləri var idi.

İndi Azərbaycanda 2500-ə yaxın jurnalist var. 3500-ə yaxın kütləvi informasiya vasitəsi qeydiyyatdan keçsə də, bunlardan yalnız 650-si fəaliyyət göstərir. Onlardan 400-ə qədəri qəzet, 50-yə yaxını isə elektron kütləvi informasiya vasitəsidir.

Azərbaycan Respublikasının 1995 – ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50 – ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar möhkəmləndirilib.

 

Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla isə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir.

ANS PRESS