Məleykə Abbaszadə və Misir Mərdanov
Məleykə Abbaszadə və Misir Mərdanov

Almaniyada dincələn təhsil naziri TQDK sədrinin sərt açıqlamalarından sonra nazirliyi ayağa qaldırıb

Bir müddət əvvəl orta məktəblərdə mərkəzləşmiş qaydada test-buraxılış imtahanları keçirildi. Valideynlər və şagirdlər imtahanlar zamanı (eləcə də sonralar) baş verən neqativ hadisələrlə bağlı Təhsil Nazirliyi qarşısında günlərlə piketlər keçirdilər, mətbuat səhifələrində bir-birindən sərt yazılar dərc olundu. Ağlasığmaz əyintilər fonunda aparılan bu imtahanların sonunda bəlli oldu ki, XI sinfi bitirən 112.549 şagirdin nə az, nə çox – düz 32 faizi (qəribədir ki, nazirlik yetkililəri rəsmi açıqlamalarında bu rəqəmi kiçildərək 20 faiz kimi göstərir), yəni 35724 nəfəri attestat ala bilməyib.
Buraxılış imtahanlarının səs-küyü səngiməmiş, ali məktəblərə qəbul imtahanları keçirildi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dəhşətli nəticələr açıqladı – I qrup abituriyentlərinin 61 faizi, III qrup abituriyentlərinin isə 65 faizi 0-200 arası bal toplayıb. Beləliklə, bu il ali məktəblərə qəbul imtahanlarının gərgin keçəcəyi ilə bağlı proqnozların özünü doğrultduğu aydınlaşdı. Bütövlükdə göstəricilər hələlik bəlli olmasa da hər qrup üzrə keçirilən imtahanın nəticələri narahatçılığa kifayət qədər əsas verir. III qrup üzrə müəyyənləşdirilmiş 300 keçid balı 250-yə, digər qruplar üzrə əvvəlcədən təyin olunmuş keçid balları 250-dən 200-ə endirildi. Qeyd edək ki, hələlik II qrup üzrə qəbul imtahanı keçirilməyib, IV qrup üzrə göstəricilər isə açıqlanmayıb.
İndiyəcən imtahan keçirilmiş qruplar üzrə ən acınacaqlı vəziyyət I ixtisas qrupu ilə bağlıdır. Belə ki, I qrup üzrə iyunun 12-də imtahan verən abituriyentlərin orta balı həddən artıq aşağıdır. Bunu mətbuata aşıqlamasında TQDK sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, imtahanda iştirak edən abituriyentlərin 57 faizi məzunlar olub və onların 35 faizi 0-100, 26 faizi 100-200 bal arası nəticə göstərib. Ümumilikdə I qrup abituriyentlərinin 61 faizi 200 bala qədər nəticə göstərə bilməyib. Bu ixtisas qrupunda 600 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayı Azərbaycan bölməsində 142, rus bölməsində 20 nəfərdir. Plan yerləri ilə müsabiqəyə buraxılan abituriyentləri müqayisə etdikdə cəmi 700 abituriyentin artıq olduğu görünür. Əgər abituriyentlər düzgün seçim etsələr, hətta 200 bal toplayan abituriyent də qəbul oluna bilər. 200 isə qiymət sistemi ilə götürdükdə «2″ deməkdir.
III ixtisas qrupu üzrə imtahanların nəticələri də ürəkaçan deyil. İmtahanda iştirak edən abituriyentlərin 25 faizi  0-100 bal nəticə göstərib. Bu da 18957 məzundan 4550-si deməkdir. M.Abbaszadə bununla bağlı danışarkən bildirib ki, bu nəticələr Təhsil Nazirliyinə təqdim ediləcək və birgə təhlillər aparılacaq. Onun sözlərinə görə, orta təhsil proqramının 50 faizini öyrənən abituriyent minimum 350 bal toplamalıdır.
Bu ixtisas qrupu üzrə 675-700 bal toplayan abituriyentlərin sayı DT (dil və tarix) alt qrupunda 16, XH (xarici dil və hüquq) alt qrupunda isə 25 nəfərdir. Bu şəxslər təbii ki, seçdikləri ixtisasa tam sahib ola biləcəklər. 650-674 bal toplayan abituriyentlərin sayı 89, 625-649 bal toplayan abituriyentlərin sayı 195, 600-624 bal toplayan abituriyentlərin sayı isə 336 nəfərdir. İmtahanın nəticələri aşağı olan abituriyentlər yüksək bal tələb edən ixtisasları seçsələr, qəbul ola bilməyəcəklər. İxtisas seçimi apararkən abituriyentlər diqqətli olmalıdır. 300-dən aşağı nəticə göstərən abituriyentlər regional ali məktəbləri və özəl ali məktəbləri ixtisas seçiminə daxil etsələr, qəbul olunmaq ehtimalları var.
Ekspertlərin fikrincə, bu rəqəmlər əslində təhsilin çökməsinin göstəricisidir. Cəmiyyətdə şok effekti yaradan duruma artıq bəzi iqtidar, müxalifət mənsubları və millət vəkilləri də reaksiya verməyə başlayıb. Hətta Ümid Partiyasının rəhbərlərindən biri nazir Misir Mərdanovu istefaya da çağırıb.
M.Abbaszadənin açıqlamaları isə Təhsil Nazirliyini yerindən oynadıb. Hətta nazirlikdəki mənbənin sözlərinə görə, Almaniyada məzuniyyətdə olan nazirin istirahəti də «pozulub». İş o dərəcəyə çatıb ki, nazir bütün səlahiyyətlərini əlindən aldığı müavini İsgəndər İsgəndərova ağız açmalı olub. Ondan xahiş edib ki, Almaniyadan qayıdanadək bir qrup yaradıb qəbul imtahanlarına düşən çalışmaları təftiş etsinlər və nə olursa-olsun sübuta yetirsinlər ki, builki çalışmalar keçənilkilərə nisbətən nazirliyi «vurmaq» üçün qəsdən çətinləşdirilib, o səbəbdən də 200-ə qədər bal toplayanların sayı həddən artıq çox olub.
Müstəqil ekspertlərin fikrincə isə əksinə, bu il I və III qruplara verilən çalışmalar proqram çərçivəsində olub, çətinliyinə görə heç də keçənilkilərdən ağır deyil. Digər tərəfdən, çalışmaların səviyyəsi, necə deyərlər, şagirdlər üçün əlçatandır. Bu qruplarda imtahan verən bir neçə abituriyentin bütün mümkün balları (700 bal) toplaya bilməsi də bunu sübut edir. Ona görə də çalışmaların ağırlığı ilə bağlı nazirin gətirmək istədiyi «arqument»in qəbul olunacağı o qədər də real görünmür. Buna baxmayaraq, mümkündür ki, M.Mərdanov məzuniyyətini dayandıraraq tezliklə geri dönsün və hansı yollarlasa M.Abbaszadəni «qabaqlamağa» çalışsın. Lakin son illər dövlətin və Heydər Əliyev Fondunun ölkə təhsilinin inkişafına yönəlik həyata keçirdiyi böyük layihələrin belə biabırçı nəticələrə gətirib çıxarmasına səbəb olan əməllərin cəzasız qalacağı da ağlabatan deyil…
www.musavat.com