Hadisə
Hadisə

Türkiyə mətbuatının yazdığına görə, azərbaycanlı nazir övladlarından biri Hadisəyə onunla “baş-başa görüşmək” təklifi edib. Türkiyə mediası bunu əxlaqsız təklif kimi qiymətləndirib. Məlumata görə, Hadisə bundan qəzəblənib və Bakıda olarkən hoteldən bayıra çıxmayıb.
Xəbərdə bildirilir ki, nazir oğlu ona “Bakıya konsert verməyə deyil, mənimlə baş-başa yemək yemək üçün gəldin. Səni gözləyirəm” – deyə mesaj göndərib. Buna etiraz edən Hadisəyə növbəti dəfə “istəyirsə ansamblla birlikdə gəlsin, amma Hadisə mənim yanımda oturacaq” mesajı göndərilib. Bu təklif də keçərli olmayıb.
Bu istiqamətdə apardığımız araşdırmalar zamanı həmin nazir oğlunun kimliyini öyrəndik. Və onu da dəqiqləşdirdik ki, nazir oğlu Hadisəyə heç də əxlaqsız təklif etməyib, sadəcə, onunla yanaşı əyləşib yemək yeməyi təklif edib. Bu cür dəvətləri adətən bəzi müğənnilər başqa cür yozduqları və bəlli sonluqla yekunlaşdırmaları üzündən təklif əxlaqsız görkəmini alıb.
Qeyd edək ki, həmin nazir oğlu Türkiyənin şou-biznesində də yaxşı tanınan simalardandır. Hətta o, İbrahim Tatlısəsin Türkiyə telekanallarından birində bir neçə ay öncə fələstinli uşaqlar üçün həyata keçirdiyi xeyriyyə marafonuna telefonla qoşularaq 50 min lirə ayırdığını bəyan etmişdi. Səsini eşidən kimi İbrahim Tatlısəs kimi məşhur müğənni də onu tanıya bilmişdi. O zaman bəlli olmuşdu ki, bu şəxs nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. 
Biz qətiyyən iddia etmirik ki, A.Məmmədov Hadisəyə iddia olunan şəkildə və ya başqa bir formada təklif göndərib. Amma bizə çatan xəbər odur ki, nazir oğlu onu sadəcə yemək masasına çağırıb. Bunun əxlaqsız təklif olduğunu iddia etmək çətin məsələdir.
Azərbaycana konsert verməyə gələn “Eurovisin-2009″-da Türkiyəni təmsil edən sənətçi Hadisə Açıqgözlə bağlı qalmaqallı yazıların biri səngiməmiş digəri start götürür. Xatırladaq ki, Türkiyə mətbuatı Hadisəyə azərbaycanlı nazirlərdən birinin oğlunun əxlaqsız təkliflər etməsindən yazıb. www.haber34.net saytında verilən məlumata görə, Hadisənin Bakıdakı konsertdə səhnəyə 2 saat gec çıxmasına həmin nazir oğlunun əxlaqsız təklifi səbəb olub.
vesti.az saytı isə yazır ki, sən demə, müğənninin gözəlliyi “Eurovision-2009″-dan əvvəl də başına bəla olub. Ötən qalmaqallı hadisələrdən biri ilə əlaqədar müğənni dünən Mərmərə Şəhər Prokurorluğuna çağırılıb. Qalmaqal isə keçən ilin oktyabrında Mərmərədə konsert verməyə hazırlaşarkən baş verib. Belə ki, qrim otağında müğənni səhnəyə çıxmağa hazırlaşan vaxt musiqi tərtibatının rəhbəri Kamil İsa onun otağına soxulmaq istəyib. Buna isə müğənninin mühafizəçiləri imkan verməyib. Hətta musiqi tərtibatçısı müqavimət göstərdiyi üçün onlar arasında əlbəyaxa dava olub, nəticədə Kamil İsa öz telefonunu mühafizəçinin başına çırpıb. Hadisə ötən il oktyabrın 5-də baş verib. Fanatlarından biri isə Hadisəyə 4,5 il həbs cəcası verilməsi tələbilə məhkəməyə müraciət edib. Onun fikrincə, münaqişəyə Hadisənin gözəlliyi səbəb olub.
P.S.  Dünən günün sonunda SHOW.TV-yə çıxan Hadisə bu məlumatı təkzib edib. Ancaq onun davranışlarından hiss olunurdu ki, efirə məhz yayılan xəbəri təkzib etmək üçün çıxarılıb. Müğənninin bu təkzibinə baxmayaraq, Türkiyədəki mənbələr israrla xəbərin doğru olduğunu bildirirlər.

www.musavat.com