Emin Ağalarov
Emin Ağalarov

Konsertdə Azərbaycan dilində səslənən yeganə mahnı Müslüm Maqomayevin repertuarından «Azərbaycan» mahnısı olub

 

İyulun 17-də axşam Bakıda «Yaşıl Teatrda» gənc biznesmen, Leyla Əliyevanın həyat yoldaşı Emin Ağalarovun solo konserti keçirilib.
Konsertdə Leyla Əliyevadan başqa ifaçının atası, anası və nənəsi, habelə mərhum Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya da iştirak ediblər.
Tamaşaçılar Emini hərarətlə qarşılayıblar. O, ingilis dilində öz mahnılarını canlı ifa edib. Bu, lirik, həmçinin rok-n-roll xarakterli kompozisiyalar idi. Emin öz mahnılarından əlavə Frenk Sinatra, Müslüm Maqomayev və Elvis Preslinin mahnılarını ifa edib.

Azərbaycan dilində səslənən yeganə mahnı Müslüm Maqomayevin həmişə oxuduğu «Azərbaycan» mahnısı olub.

İfaçını simli alətlər qruppu ilə böyük estrada ansamblı müşaiyət edib. Bütün musiqiçilər Eminlə birlikdə Moskvadan gəliblər.

Emin bütün konserti özü aparıb, tamaşaçılarla yalnız rusca danışıb. Konsert iki saata yaxın davam edib. Biletlərin qiyməti 40-300 manat təşkil edib.

Turana məlumatlı mənbələrdən verilən məlumata görə, nazirlik və idarə rəhbərlərinə ən bahalı yerlərə bilet almaq və mütləq konsertdə iştirak etmək taplırılıb.

Xatırladaq ki, Emin Ağalarov dövlət başçısı İlham Əliyevin böyük qızının həyat yoldaşı və atası Araz Ağalarovun biznes-imperiyasının varisidir.

Emin uzun illər vokala aludə olub və artıq öz mahnılarından ibarət bir neçə disk buraxıb. İfa tərzinə görə Emin, demək olar ki, Elvis Preslini mənəvi müəllimi hesab edir.