Cavid Behruz
Cavid Behruz

Cavid Behruz

Bilmirəm mənim əqlim almır yoxsa necə amma bu əyriplanda gəzən firənglər, ingilislər, son iki əsrin modası amerikanlar və digər mənim dilimdən və dinimdən olmayan əcnəbilər bizim bəzi gənclərin beyninə nəmənə giribsə artıq bu gənclər bizi bəyənmirlər. Heç mən özüm də bəzi xasiyyət və xüsusiyyətlərimizi bəyənmirəm amma, mən onların yanında toya getməliyəm.

Nə bilim, bəlkə də onlara görə mən geridə qalmışam indi məmləkətin namını satmaq moda olub – bəlkədə onlar məndən daha sürətlə “qloballaşırlar”.  

Sadəcə dəqiqliklə əmin olduğum budur ki, əcnəbi müəllimləri vaxt və maliyyə cəhətdən simiclik etməyərək “demokratiya” fədailərini yaxşıca mütailə etdirirlər. Bəlkə tam təbiri ilə ifadə edə bilmədim amma mən yuxarıda vurğuladığım bizdən daha sürətlə “qloballaşmış” gənclərə “demokratiya” fədailəri deyirəm. Bəlkə də böyük bir qəbahət işləyirəm onları belə adlandırmaqla – onların daha şanlı adları ola bilər. Necə ki bu gənclər əcnəbi “dostlarının” səpdikləri pul ilə qurduqları əlli-altmış üzvü olan təşkilatlara “hərəkat” deyirlər…

Ələlxüsus son zamanlar bu “hərəkatları” hərəkətə gətirənlərdən iki yeyib-içən oğlan hansısa vəzirin güdazına düçar olub və zindana atılıblar. Buna etiraz edən gənclər də əcnəbi müəllimləri vasitəsilə bir çox əcnəbi məmləkətlərdən “demokratiyalarına” kömək istəyirlər. Buna sevincək olmuş əcnəbilər də “namımıza” o ki var döşəyirlər.

Xülasə mənim demək istədiyim bu gənclərə əvvəllər Oxu kitablarında “İtə ataram, yada satmaram” deyə kiçik bir hekayət vardı onu bir zəhmət oxusunlar – düşünsünlər, anlasınlar, bəlkə də ağlasınlar!