Emin və Adnan
Emin və Adnan

Gənclər hərəkatı fəalları Emin Milli və Adnan Hacızadənin şikayəti üzrə keçirilməli olan apellyasiya prosesi dünən təxirə salınıb. Buna səbəb gənclərin məhkəmə zalına gətirilmədiyi olub. Onların məhkəməyə gətirilmədiyini görən vəkillər gənclərin iştirakı olmadan məsələyə baxılmasını düzgün hesab etməyiblər və vəsatət qaldırıblar. Məhkəmə də vəsatəti qəbul edib. Beləliklə, prosesin iyulun 20-də davam etdirilməsi qərara alınıb.

Prosesin təxirə salınması ilə bağlı A.Hacızadənin vəkili İsaxan Aşurov “Mediaforum”a deyib ki, məhkəmədə gənclərin barəsində çıxarılan həbs qətimkan tədbirinin ləğvi məsələsinə baxılmalı idi. Lakin gənclərin məhkəmə iclasına gətirilmədiyini deyən vəkilin sözlərinə görə, hakim vəsatəti təmin edib və sözügedən məsələyə iyulun 20-də hər iki gəncin iştirakı ilə baxılacaq.

“Sərhədsiz Reportyorlar”dan ədliyyə nazirinə tələb

Bununla yanaşı, E.Milli və A.Hacızadənin həbsi ilə bağlı ciddi beynəlxalq qınaqlar davam edir. “Turan”ın məlumatına görə, dünən “Sərhədsiz Reportyorlar” mətbuatı beynəlxalq müdafiə təşkilatının baş katibi Jan Fransua Juyar gənc bloqçular E.Milli və A.Hacızadənin həbsi ilə əlaqədar Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədova məktub ünvanlayıb.

Nazirə müraciətində gənclərin həbsini qanunsuz və əsassız adlandıran baş katib onlara qarşı səsləndirilən ittihamı da absurd kimi qiymətləndirib:

“Bu gənclərin barəsində iki ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair iyulun 10-da qapalı məhkəmə prosesində çıxarılan qərar onların vəkillərinin fikri nəzərə alınmadan qəbul edilib. Biz bunu gənclərin əsas hüquqlarının kobud şəkildə pozulması sayırıq. Sizi israrla prokurorluqla əlaqə saxlamağa və gənclərə qarşı irəli sürülmüş ittihamları ləğv etməyə çağırırıq”. Juyarın məktubunda belə deyilir.

5 ilədək həbs cəzasına məhkum edilə biləcək E.Milli və A.Hacızadənin həbsinin əsl səbəbini bilmək istədiyini qeyd edən baş katib vurğulayıb ki, onların azad edilməsi haqda apellyasiya şikayəti verilib və ədliyyə naziri bu işə diqqətlə yanaşmalıdır. “Sərhədsiz reportyorlar”ın rəhbəri güman edir ki, hər iki gəncin azadlığa buraxılması Azərbaycanda ifadə azadlığı və insan hüquqları sahəsində vəziyyəti yaxşılaşdırmaq istəyinə dəlalət edən açıq-aşkar işarə olardı.

Mətbuatı beynəlxalq müdafiə təşkilatının baş katibi Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsini əsas gətirərək qeyd edib ki, insanlar yalnız müəyyən hallarda – cinayət törətməkdə şübhəli bilindikdə və ya məhkəmə onların barəsində hökm çıxardıqda saxlana bilər. Bu baxımdan Juyar bu iki gəncin məsələsi ilə əlaqədar belə bir durumun olmadığını bildirib.

Almaniyalı ombudsman diktatura rejimindən danışdı

E.Milli və A.Hacızadənin həbsini ötən həftə Bakıya səfər etmiş almaniyalı ombudsman Gunter Nooke də kəskin tənqid edib. O, ölkəsinə qayıtdıqdan sonra Azərbaycanda baş vermiş sözügedən həbsi siyasi təxribat kimi dəyərləndirib. Almaniyanın “Deutche Vell” qəzetinə müsahibə verən Nooke bəyan edib ki, E.Milli və A.Hacızadənin həbsi açıq-aşkar hüquq müdafiə təşkilatları fəallarını ölkənin siyasi səhnəsindən sıxışdırmaq cəhdidir. Ombudsman deyir:

“Avropa Birliyi enerji maraqlarına görə Azərbaycanda insan hüquqları sahəsində vəziyyətə göz yummamalıdır.

Diktaturanın hökm sürdüyü ölkələrin hakimiyyətləri ilə açıq danışmaq lazımdır. Düşünmürəm ki, buna görə iqtisadi əlaqələrimiz pozula bilər. Artıq Azərbaycan da diktatura istiqamətində hərəkət edir. Hakimiyyətdə olanlar ondan öz məqsədləri üçün istifadə edirlər. Müxalifəti susdurur və müxalifət nümayəndələrinin mediada çıxış etməsinə imkan vermirlər”.

Gunter Nooke Azərbaycanda seçki sisteminin də ədalətsiz olduğunu qeyd edərək bildirib ki, Azərbaycanda seçki kampaniyalarının ədalətliliyindən danışmaq olmaz. Eyni zamanda, məhkəmə hakimiyyətinin də müstəqilliyinin kağız üzərində qaldığını deyən ombudsmanın sözlərinə görə, hakimlər yuxarı orqanlardan hansı qərarları qəbul etmək barədə göstəriş alırlar. O, hər iki gəncin həbsinin buna əyani sübut olduğunu əlavə edib.

Haraşti Azərbaycanda söz azadlığının ölümünü müşahidə edir

Gənc fəalların həbsi ATƏT səviyyəsində də ciddi tənqidə yol açıb. Qurumun media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti onların həbsini Azərbaycanda söz azadlığının ölümü kimi xarakterizə edib. “Azadlıq” radiosunun xəbərinə görə, Haraşti “Reuters” agentliyinə müsahibəsində E.Milli və A.Hacızadəni tənqidi düşüncəli gənclər adlandırıb və onların bu məsələdə tam günahsız olduqlarına inandığını bildirib: “Bu cür hadisələrin Azərbaycanda media azadlığının vəziyyətinə geniş təsiri var. Belə problemlər ölkədə ictimai məsələlərin müzakirəsinə çevrilir. Bunlar yolverilməzdir. Hüquq-mühafizə orqanları jurnalistləri zorakılıqdan qorumaq əvəzinə, belə hadisələrdən istifadə edib onları dəmir barmaqlıq arxasına atırlar. Bu hadisə açıq-aşkar göstərdi ki, Azərbaycanda söz azadlığı ölür”.

Lakin Haraştinin bu açıqlaması Azərbaycanda şübhə ilə qarşılanıb. Buna münasibət bildirən MM beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) heyətinin rəhbəri Səməd Seyidov Haraştinin bu cür bəyanat verdiyinə inanmadığını deyir:

“Mən ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin Azərbaycanda söz azadlığının ölməsi haqda bəyanatı ilə tanış deyiləm. Amma inanmıram ki, belə bir mötəbər beynəlxalq qurumun nümayəndəsi bu formada məsuliyyətsiz bəyanat versin”. Səməd Səmədov bunu “Mediaforum”a açıqlamasında qeyd edib.

ATƏT baş katibi hökumət qarşısında məsələ qaldırdı

ATƏT-in hazırda ölkəmizdə olan baş katibi səfir Mark Perrin de Brişambo da yaşananlardan narahatdır və bu narahatlığını Azərbaycan dövlətinin başçısına çatdırıb. Dünən səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirən baş katib gənclərin həbsi ilə əlaqədar Azərbaycan hökuməti qarşısında məsələ qaldırdığını deyib.

Eyni zamanda, ATƏT təmsilçisi ölkə rəsmiləri, o cümlədən prezident İlham Əliyevlə görüşü zamanı E.Milli və A.Hacızadənin həbsi məsələsini qaldırdığını və bu istiqamətdə qurumun media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin bəyanatlarına isnad etdiyini göstərib. Buna baxmayaraq, Brişambo sözügedən məsələyə prezidentin necə reaksiya verdiyini açıqlamayıb və görüşün detalları barədə açıqlama verə bilməyəcəyini təəssüflə bildirib. Bununla belə, o hesab edir ki, Azərbaycan hökuməti ATƏT qarşısında götürdüyü öhdəliklərə hörmətlə yanaşacaq.

Xatırladaq ki, gənc fəallar – Emin Milli və Adnan Hacızadə iyulun 8-də paytaxtda yerləşən “Livan” (“Lebanist”) restoranında baş verən münaqişəyə görə həbs olunublar. Xuliqanlıq maddəsi ilə ittiham olunan bu gənclərin barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onlar CM 221.2.1-ci maddəsi ilə (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) təqsirləndirilirlər. Bu maddə ilə onlara 5 ilədək azadlıqdan məhrumetmə cəzası düşür.

T.AĞATLI / www.ayna.az