Uyğurların Qətli
Uyğurların Qətli

600-dən artıq adamdan isə yerli-dibli xəbər yoxdur

Çin hakimiyyəti dünyaya meydan oxuyur. Bu ölkədən daha bir qətliam xəbəri gəlib. Qəddar rejim Sincandakı olaylara, uyğur-xanşu etnik toqquşmasına görə günahlandırdığı 196 uyğur türkünü çox gözlətmədən güllələyib. Beləliklə, uyğur türklərinin öz haqları uğrunda başlatdıqları üsyan qanla boğulub. Onlar Çin polisinin sərt müdaxiləsinə, qətliama, repressiyaya məruz qaldılar, hazırda isə sərt bir şəkildə cəzalandırılırlar.
Qeyd edək ki, iğtişaşların səngidiyi günlərdə hakim Kommunist Partiyasının Sincan vilayəti üzrə komitəsinin rəhbəri demişdi ki, ortalığı qarışdıranlar edam olunacaqlar. Belə görünür ki, Çin hakimiyyəti vədini yerinə yetirmək üçün gecikməyib və dərhal, doğru-düzgün istintaq aparmadan, tutulanların apelyasiya şikayəti vermək hüququnu tanımadan əlinə keçənləri güllələmək yolunu seçib. Beynəlxalq xəbər agentliklərinin məlumatına görə, uyğur türklərinin harada edam olunduğu bilinmir. Cəsədlərin ailələrinə verilib-verilmədiyi də bəlli deyil. Bilinən sadəcə odur ki, 600-dən artıq adamdan yerli-dibli xəbər yoxdur.