8-ci Kilometr Bazarı
8-ci Kilometr Bazarı

Gecə başlayan qəfil yanğın bu “yağlı” obyekt ətrafındakı oyunların hələ bitmədiyini göstərdi

Dünən axşam saat 23:00 radələrində Bakının ən iri ticarət mərkəzi olan “8-ci km” bazarında güclü yanğın baş verib. Bazarın Qara Qarayev prospektinə baxan səmtində, yolun kənarında yerləşən, əsasən təsərrüfat mallarının və tikinti materiallarının satıldığı 4 mərtəbəli ticarət obyekti qəfildən alışıb. “Yeni Müsavat”ın reportyor qrupu artıq saat 23:20-də hadisə yerində idi. Reportyorlarımızın verdiyi xəbərə görə, yanğın binanın 4-cü mərtəbəsindəki anbarlarda başlayıb və qısa müddət ərzində sürətlə geniş əraziyə yayılıb.
FHN Dövlət Yanğından Mühafizə Xidmətinin onlarla maşını yanğının qarşısını almaq üçün olay yerinə gəlmişdi. Onların yanğınla mübarizəsi bir saatdan da çox çəkdi. Yanğınsöndürənlərin işini çətinləşdirən amillərin sırasında tamaşaya yığılan əhalinin və ərazidəki maşınların yaratdığı basırıq, prospektdə anidən inanılmaz xaosun yaranması, polisin belə vəziyyətdə özünü itirib FHN-in maşınlarına yol aça bilməməsi kimi məqamları qeyd etmək olar. Bütün bunlara rəğmən saat 00:50 radələrində alovu lokallaşdırmaq və onun daha geniş ərazilərə yayılmasının qarşısını almaq mümkün oldu. Qəzetimiz çapa gedən anda yanğının söndürülməsi prosesi davam edirdi.

İlkin versiyaya görə, yanğına qısaqapanma səbəb olub. Amma reportyorlarımız dünən gecə bazarın yanması xəbərini eşidib hadisə yerinə gələn ticarətçilərdən şok məlumatlar alıb. Orada on minlərlə manatlıq malı yanan sahibkarlar müxbirlərimizə “Bazarı yenə də qəsdən yandırdılar. Bizi neçə vaxt idi ki, buradan yolun o biri tərəfində tikilən yeni ticarət mərkəzinə köçürməklə hədələyirdilər. Bizi buradan deyəsən, bu yolla köçürəcəklər” dedilər.
Sahibkarların dediyində həqiqət payı böyükdür. Belə ki, “8-ci km” bazarı uğrunda mübarizə bu günlərdə yeni mərhələyə qədəm qoyub. Bazar rəhbərliyinin tez-tez dəyişdirilməsi mübarizənin getdikcə amansız xarakter almasından xəbər verir. Son illər bazara bir neçə şəxs rəhbərlik edib. Bu isə orada yığılan pulların ayrı-ayrı qruplaşmalar tərəfindən mənimsənilməsindən xəbər verir. Son aylar bazar uğrunda mübarizə daha da qızışıb. Nizami Rayon İcra Hakimiyyətinin başçısı Mehbalı Əliyevin bu mübarizəyə qoşulması vəziyyəti bir qədər də gərginləşdirib. Sahibkarların nişan verdiyi yeni ticarət obyektinin də onun olduğu söylənir.
“8-ci km” bazarı hələ 90-cı illərdən mübahisə predmetidir. O vaxt bazara Mirəli adlı şəxs rəhbərlik edib. Sonra bazarı əslən Bakının Qala kəndindən olan və keçmiş Bakı meri mərhum Rəfael Allahverdiyevə yaxınlığı ilə seçilən Rasim adlı iş adamı ələ keçirib. Hətta o, qısa zamanda hazırda həbsdə olan iqtisadi inkişaf naziri Fərhad Əliyevin əli ilə bazarı özəlləşdirə də bilib.
Amma Fərhad Əliyevin həbsindən sonra maraqlı qüvvələr özəlləşdirmə sənədlərini məhkəmə yolu ilə ləğv edib və bazar Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansına verilib. Komitənin sədri Kərəm Həsənov isə az sonra öz adamı Hüseynağanı (hazırda onun komitədə məsul işdə çalışdığı söylənir) bazara direktor təyin edib. Bu bazar məhz onun direktor olduğu ildə – 2008-ci il mayın 18-də səhər saat 04:00-da müəmmalı şəkildə yanıb və yüzlərlə sahibkara küllü miqdarda ziyan dəyib.
Bu günlərdə bazara yeni rəhbər təyin edilib. Daha dəqiq desək, bazar yenidən Rasim müəllimə həvalə olunub. Amma o, şəhərdə bir neçə iri ticarət mərkəzinə rəhbərlik etdiyindən bazarı Fəxrəddin adlı şəxsə həvalə edib. O da ancaq rüsum yığıb Rasim müəllimə çatdırmaqla məşğuldur. Onu da deyək ki, nəqliyyat naziri Ziya Məmmədov da bazarın köçürülməsinə çalışanlardandır. Bir sözlə, bazar uğrunda çox iri çevrələrin gizli çarpışması gedir.
Dünən gecə aldığımız ən son xəbər belə idi ki, Çevik Polis Alayının əməkdaşları bazarı mühasirəyə alaraq oradan mümkün oğurluğun qarşısını almağa çalışır.
Məhəbbət ORUCOV/ musavat.com