TQDK
TQDK

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 18-də 2009/2010-cu tədris ili üçün Azərbaycan Respublikası ali məktəblərinə və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.

Həmin gün eyni zamanda Hərbi Liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (Feldşer ixtisası üzrə) qəbul imtahanı keçirilir.

IV ixtisas qrupu üzrə qəbul imtahanı Bakı şəhərində 24, Naxçıvan şəhərində 2 binada aparılır. Abituriyentlərə imtahan binalarının yerini müəyyən etməkdə kömək məqsədilə Komissiyanın internet sytında xüsusi xəritə-göstəricilərlə təchiz olunmuş, binaların ünvanlarının əks olunduğu proqram yerləşdirilmişdir. Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən 1086 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 111 imtahan rəhbəri cəlb olunmuşdur.

2009-cu ildə IV qrup üzrə 16260 abituriyent ərizə təqdim edib. Onlardan 14778 nəfəri Azərbaycan bölməsinin, 1482 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7073 nəfərini oğlanlar, 9187 nəfərini isə qızlar təşkil edir.

9791 abituriyent orta məktəblərin builki məzunudur.

6469 nəfər əvvəlki illərin məzunudur.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 100 abituriyent xarici ölkələrin vətəndaşıdır. 44 abituriyent ali təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.

379 abituriyent orta ixtisas məktəblərinin məzunlarıdır.

Ən yaşlı abituriyent 1950-ci ildən, ən gənc isə 1994-cü ildəndir.

Bakı şəhərində 15058 abituriyent, Naxçıvanda 1202 abituriyent imtahan verəcək.

İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən IV ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 19:30-da «Space» telekanalının canlı efirində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları elan olunacaq və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək.

IV ixtisas qrupu üzrə qəbul imtahanı başa çatdıqdan dərhal sonra cavab kartlarının emalına başalanacaq və test imtahanının nəticələri qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə biləcəklər.

IV ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 22-dən 29-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlərin nəticələri IV ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək üçün qoyulan tələbləri ödəyərsə, onlar həmin ixtisasları seçə bilərlər.

Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 25-dən avqustun 3-dək internet vasitəsilə aparılır.

Tələbə qəbulu müsabiqəsində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edəcəklər.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

2009/2010-cu tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, qəbul keçirilən ixtisasların siyahısı, ali məktəblərin qabiliyyət imtahan komissiyaları üzrə müsabiqə şərtləri, ixtisas seçimi mərhələsində “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası və digər zəruri məlumatlar “Abituriyent” jurnalının 4-cü sayında dərc olunmuşdur.

Orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə daxil olmaq istəyən abituriyentlər ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq vaxtda elektron ərizələrinə daxil olub, orta ixtisas məktəblərinin ixtisaslarını seçə biləcəklər.

Orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, kodları, müsabiqə şərtləri “Abituriyent” jurnalının 5-ci sayında dərc edilmişdir.