Rişar Qaske
Rişar Qaske

Kokain qəbul etdiyi üçün qeyri-müəyyən müddətə diskvalifikasiya edilən fransalı tennisçi Rişar Qaske idmana qayıdır.


Beynəlxalq Tennis Federasiyası (İTF) Qaskenin orqanizminə kokainin öpüşdən sonra düşməsi ilə razılaşıb.

Tennisçi antidopinq komissiyasının üzvlərinə bildirib ki, narkotik maddəni bilərəkdən qəbul etməyib. Onun fikrincə, kokain orqanizminə təsadüfən düşüb. ABŞ-ın Mayami şəhərindəki gecə klublarının birində Qaske kokain qəbul etmiş qızı öpüb. Antidopinq komissiyasının qərarında qızın adı Pamela kimi göstərilib. Eyni zamanda, tennisçinin orqanizminə çox az kokainin düşdüyü qeyd olunub. Buna görə də komissiya bildirir ki, Qaskenin uzunmüddətli diskvalifikasiya edilməsi ədalətsizlik olardı. Nəticədə tennisçi 2,5 aylıq cəza ilə canını qurtarıb. Bu müddət iyulun 15-də – dinləmələrin keçirildiyi gün başa çatıb. Beləliklə, Peşəkar Tennisçilər Assosiasiyasının reytinqində 32-ci yeri tutan Qaske yenidən korta çıxa biləcək.

Qeyd edək ki, 23 yaşlı Rişar Qaske 2009-cu ilin martında Mayamidə keçirilmiş böyük turnirdə dopinq-testdən keçə bilməyib. Həmin turnirdə bir oyun da keçirməyən Qaske çiynindəki zədə üzündən mübarizəyə qatılmamaq qərarına gəlib. Sonra o, dostları ilə gecə klubuna yollanıb. Ardından onun orqanizmindən götürülən dopinq-testin nəticəsi mayın əvvəlində açıqlanıb. Həmin vaxt Qaskeyə müvəqqəti cəza verilib. Buna görə fransalı tennisçi “Rolan Qarros” və “Uimbldon” turnirlərini buraxmalı olub.