Rəbiyə Kader
Rəbiyə Kader

Dünya Uyğur Konqresinin sədri Rəbiyə Kader “Amerikanın səsi”nin türk xidmətinə müsahibə verib. O bildirib ki, Çinin Sincan-Uyğur Muxtar Vilayətinin mərkəzində – Urumçi şəhərində keçirilən etiraz aksiyaları zamanı ölənlərin sayı hökumətin göstərdiyindən qat-qat çoxdur.

R.Kader deyib ki, Sincan-Uyğur vilayətindən aldıqları xəbərlərə görə, öldürülənlərin sayı 2000 nəfərə yaxındır. Dünya Uyğur Konqresinin sədri bunu kütləvi qırğın kimi qiymətləndirib. R.Kader nə qədər insanın həbsdə olduğu, yaralıların hara aparıldığı barədə heç bir məlumat əldə edilmədiyini bildirib. O deyib ki, dünya ictimaiyyəti bu repressiyalara lazımi diqqət versəydi, Çin hökuməti zorakılıqları təkrar etməzdi.

Dünya Uyğur Konqresinin sədri Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğana dəstəyinə görə təşəkkürünü bildirib. R.Kader hazırda Barak Obama administrasiyası, Dövlət Departamenti və Konqreslə uyğurlara qarşı zorakılıqların dayandırılmasına dair yüksək səviyyəli danışıqlarda iştirak etdiyini bəyan edib.

10 il əvvələ qədər Çinin ən varlı yeddinci şəxsi sayılan R.Kader 1997-ci ilə qədər deputat olub. 1997-ci ildə deputat mandatı əlindən alınıb və həbsə atılıb. 8 il həbs cəzasına məhkum edilən Kader həbsxanada insan haqları sahəsində mübarizə aparıb və bu səbəbdən bir çox nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. ABŞ və beynəlxlaq təşkilatların təzyiqi ilə Çin hökuməti 2005-ci ildə onu azadlığa buraxmağa məcbur olub. 2005-ci ildə Nobel sülh mükafatına namizəd olmuş Kader ABŞ-da məskunlaşıb.