AXC
AXC

Bu gün Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranmasının 20-ci ildönümüdür. 1989-cu il iyulun 16-da qurulan AXC Azərbaycan tarixinə milli-azadlıq hərəkatına başçılıq edən mütəşəkkil siyasi təşkilat kimi düşüb. 20 il əvvəl Bakıda yarımgizli konfransda təsis olunan AXC-nin sədri Əbülfəz Elçibəy olub. AXC yaranarkən 15 nəfərdən ibarət ilk İdarə Heyəti formalaşıb. 1989-cu il iyulun 16-da keçirilən toplantıda İsa Qəmbər, Canbaxış Umudov, Etibar Məmmədov, Ələkrəm Hümbətov, Hikmət Hacızadə, Leyla Yunus, Pənah Hüseyn, Nemət Pənahlı, Nəcəf Nəcəfov, Rəhim Qazıyev, Sabit Bağırov, Sülhəddin Əkbər, Tofiq Qasımov, Yusif Səmədoğlu və Zərdüşt Əlizadə İdarə Heyətinin üzvü seçiliblər.
AXC hakimiyyətə gələndən sonra bu şəxslərin əksəriyyəti yüksək vəzifələrdə təmsil olunublar.
1989-90, 1990-92 və 1992-93-cü illərdə bir neçə ziddiyyətli mərhələdən keçən (xalq hərəkatının genişlənməsi, siyasi uğurlar və parçalanmalar, 20 yanvar faciəsi və dirçəliş, siyasi hakimiyyət və devrilmə) AXC sonrakı illərdə də siyasi sistemdə aparıcı mövqelərdə olub. 1995-ci ildə AXC siyasi partiyaya çevrilib və AXCP adı alıb. Bu gün Azərbaycanda olan partiyaların bir çoxu AXC bazalı təşkilatlardır. Hərəkatda olan siyasətçilərin əksəriyyəti özlərinin ayrıca partiyasını yaradıblar.