AZAL
AZAL

“AZAL”ın Mərkəzi Satış Kassasının təmirə dayanması camaatı yollarda qoyub

 

Hər ilin yay fəslində həm Azərbaycanın müxtəlif rayonlarına, həm də ölkə xaricinə getmək istəyənlərin sayı birə-beş artır. Bu isə təbii qəbul olunmalıdır; vətəndaşlar il ərzindəki yorğunluğu çıxarmaq, Bakının istisindən, havasızlığından bir neçə günlük, bəlkə də bir neçə aylıq uzaqlaşmaq üçün paytaxtı müvəqqəti tərk etmək istəyirlər. Amma biz hər il konkret bu məsələ ilə bağlı ciddi problemlərin yaşandığını görürük. Yay fəslində bilet sanki qəhətə çıxır, rəsmilər bunu tələbatın çox olması ilə bağlayırlar, lakin nədənsə yay fəslində tələbatın çox olacağını nəzərə alıb, əvvəlcədən qabaqlayıcı addımlar atmaq heç kimin ağlına gəlmir. O qədər də vacib olmayan layihə və proyektlərə milyonlarla pul xərcləyən hökumət camaatın rahatlığını təmin edəcək çox ciddi bir məsələyə etinasız yanaşır. Dünənki sayımızda Dəmiryol Vağzalında bilet çatışmazlığı səbəbindən yaranan biabırçı vəziyyət haqqında məlumat vermişdik, bu cür vəziyyətin yaranması isə hökumətin problemin həlli istiqamətində ciddi addımlar atmasını zəruri edir. Qeyd edək ki, vətəndaşlar bilet əldə etməklə bağlı çətinliklə təkcə Dəmiryol Vağzalında üzləşmirlər. Hava yolu ilə xaricə səfər etmək istəyənlər də təxminən eyni durumdadırlar. Hətta “AZAL” “qaş qayırdığı yerdə vurub göz də çıxardıb”.

Aerokassada təmir

Məsələ ondadır ki, “AZAL” Mərkəzi Satış Kassası təmirə bağlanıb. Bu isə ciddi problemlər yaradıb. Problemləri sadalamamışdan öncə qeyd edək ki, “AZAL”ın biletlərini əldə etmək istəyən və xaricə getmək istəyən vətəndaşlar “SW Travel” şirkətinə müraciət etməlidirlər. “AZAL” müvəqqəti olaraq biletlərin satışını bu şirkətə həvalə edib. Haxçıvana uçmaq istəyən vətəndaşlar isə biletləri yalnız aeroportdan əldə edə bilərlər. İlk baxışdan hər şey normal görsənir; amma vətəndaşlar şikayətçidirlər. Mərkəzi Satış Kassasının önündə qarşılaşdığımız və söhbətə tutduğumuz Haxçıvana getmək istəyən bir neçə nəfər bilet satışının aeroporta keçirilməsini insanların əlavə əziyyətə salınması kimi qiymətləndirdi. Onların sözlərinə görə, əvvəl bir dəfə aeroporta gedirdilərsə, indi iki dəfə getmək məcburiyyəti qarşısında qalırlar. Bu isə əlavə əziyyətdən başqa bir şey deyil. Bilet satışı mərkəzi kassada həyata keçiriləndə ən azı yol qət etmək baxımından əziyyət çəkmirdilər. İndi isə onsuz da az olmayan əziyyətin üstünə biri də əlavə olunub. Bilet satışının aeroporta keçirilməsi xüsusilə də Haxçıvana işi ilə əlaqədar tez-tez səfər edənlərə sərfəli deyil. Bu yerdə obyektivlik naminə bir məqama da toxunmağı vacib hesab edirik. Reportaj hazırlayıb, redaksiyaya gələndən sonra yerdəyişmə ilə bağlı naxçıvanlı bir neçə tanışla da söhbət etdik. Onlar yolun uzaqlığını qeyd etsələr də, bildirdilər ki, bilet satışının mərkəzi kassadan aeroporta keçməsi əslində xidmətin səviyyəsinin yüksəlməsinə səbəb olub. Belə ki, əgər “AZAL”ın mərkəzi kassasında məsələn, adi bir sənəd üçün 1 manat vermək tələb olunurdusa, aeroportda bütün xidmətlər pulsuzdur. Hətta kiminsə tanışlıqla bilet əldə etməsi belə müşküldür, hamıya nömrələr verilir, bu nömrələr əsasında növbə tutub, problemini həll edirsən. 

Üç gündür xaricə gedə bilmir

Xarici ölkələrə səfər arzusunda olan insanlardan da şikayətçi olanı vardı.
Hafiz Umudov bizneslə məşğul olur; bu səbəbdən də işi ilə əlaqədar MDB ölkələrinə tez-tez gedib gəlir. Əvvəllər bilet əldə etməkdə ciddi çətinliklə üzləşmədiyini söyləyir; hətta ötən illərin yay fəsllərində də biletlə bağlı ciddi problemi olmayıb. İki gün öncə isə MDB ölkələrindən birinə səfər üçün bilet almaq istəsə də, məqsədinə nail ola bilməyib. Əvvəlcə “AZAL”ın Mərkəzi Satış Kassasından bilet almaq istəyib, amma deyildiyi kimi, kassa təmirə bağlandığından ona “SW Travel” müraciət etməyi məsləhət görüblər. O “SW Travel” müraciət etsə də, istədiyi istiqamətə bilet əldə edə bilməyib. Biznesmen heç olmasa bu gün bilet əldə etmək arzusunda idi, yenidən “AZAL”a müraciət etmək qərarına gəlmişdi, bu dəfə də ona istənilən istiqamətə yuxarıda adını çəkdiyimiz şirkətdən bilet əldə edə biləcəyi söylənildi. Onu qeyd edək ki, biletin 10 gün əvvəlcədən telefon vasitəsilə “AZAL”da sifariş edildiyi barədə mətbuata rəsmi məlumat verilmişdi. Şikayətçi bu məlumatın həqiqətə uyğun olmadığını da sözlərinə əlavə etdi. Onun bildirdiyinə görə, bu variantı da sınaqdan keçirmək istəyib, ancaq “AZAL” dan bildiriblər ki, sifariş mümkün deyil. Hafiz Umudov onu da deyir ki, hətta biletin internet vasitəsilə, “AZAL”ın rəsmi saytına girməklə mümkünlüyü barədə deyilənlər də həqiqəti əks etdirmir. İnternet vasitəsilə bilet sifariş vermək mümkünsüzdür.
Ümumiyyətlə Mərkəzi Satış Kassasının biletə tələbatın çoxaldığı bir zamanda təmirə bağlanması belə görünür ki, o qədər də uğurlu addım deyil. Əslində təmirə xüsusi ehtiyac olmadığından bunu bir qədər təxirə də salmaq olardı; ən azından sərnişinlərin xarici səfərlərə daha az getdiyi aylara qədər. Görünən odur ki, şəhərin müxtəlif yerlərində təmir-tikinti işləri aparmaqla paytaxtı toz-tozanağa bürüyənlər, bununla da insanların rahatlığını pozanlar bu dəfə də camaatın narahat ola bilməsi ehtimalı qəti nəzərə almayıblar; bəlkə bu, onlara heç lazım da deyil.

Təmirə bağlanan aerokassanın ətrafındakı kassalar

Onu da qeyd edək ki, mərkəzi kassa bağlı olsa da, həmin ətrafdakı başqa kassaların sayı-hesabı yoxdur. Bunlardan bəziləri hansısa şirkətin təşkil etdiyi uçuşlara bilet satışını həyata keçirir; bəzilərinin isə hansı şirkətə məxsusluğunu müəyyənləşdirmək demək olar ki, mümkün deyil. Çünki bu kassaların yerləşdiyi ərazinin bayır tərəfində bu haqda heç bir məlumat yoxdur. Sadəcə reklam şitləri və uçuşlar haqqında qısa məlumat asılıb, vəssalam. Bu kassaları da gəzdik. Onların demək olar ki, hamısı valyuta dəyişmə, telefon satışı və təmiri məntəqələrinin, başqa iaşə obyektlərinin bir küncündə yerləşib. Öyrənə bildik ki, küncdə yerləşən bu kassalar “AZAL”ın biletlərini satır. Yəni “AZAL”la vətəndaşlar arasında vasitəçilik edirlər; bu vasitəçiliyin nə qədər doğru və məntiqəuyğun olduğunu müəyyənləşdirməyi isə sizin ixtiyarınıza buraxırıq.
Məlumat üçün bildirək ki, bu kassaların böyük əksəriyyətində bir çox istiqamətlər üzrə bilet tapmaq mümkün deyil. Kassaların reklam şitlərindən isə belə bəlli olur ki, tutaq, bu kassaya müraciət etsəm, dünyanın istənilən ölkəsinə problemsiz uça bilərəm. Təəccüblü deyil, bir çox şirkətlərin istifadə etdiyi təcrübədən kassalar istifadə edir; “klent”i cəlb etmək üçün görünüşlə camaatı aldadırlar.

Yenə “dəllallar”, yenə şəkil qadağası

Dəmiryol Vağzalında olduğu kimi, burada da “dəllallar”a rast gəlmək mümkündür. Onlar bir az baha qiymətə, vətəndaş üçün problem və əziyyətsiz bilet verə biləcəklərini söyləyirlər. Belə “dəllallar”dan birinə yaxınlaşıb, Moskavaya uçmaq istədiyimizi bildiririk. Haralı olduğumu, nə iş gördüyümü soruşur. Bir şeylər uydurub deyirəm. Moskavaya nə üçün, hansı relslə getmək istədiyimi də dəqiqləşdirmək istəyir. Mən isə öz növbəmdə deyirəm ki, Moskavadan qonağım var, onu yola salmaq üçün bileti özüm almaq istəyirəm, indiki halda isə sadəcə qiymətləri müəyyənləşdirirəm. 300 manata bilet təşkil edə biləcəyini söyləyir. Məlumat üçün deyim ki, küncdə yerləşən kassalar Moskvaya bileti 230-250 manat təklif edir. Artıq bir çox məqamları dəqiqləşdirmişdik, qalırdı şəkil çəkmək. Ancaq bir-iki kadr çəkməmiş “AZAL”ın işçisi olan cavan oğlan bizə yaxınlaşdı, mədəni şəkildə izah etməyə çalışdı ki, şəkil çəkmək qadağandır. Əslində lazım olan görüntünü götürmüşdük, buna görə də, mübahisəyə ehtiyac görmədik. Mərkəzi Satış Kassasının qarşısında işimiz qurtardığından yollanırıq, “AZAL”ın biletlərini satan “SW Travel”ə. Bizə şirkətin Rəşid Behbudov adına Mahnı Teatrının arxasında yerləşdiyi bildirilmişdi.

Kitabxananı yerlə-yeksan ediblər

Əslində deyilən ərazidə Ənvər Məmmədxanlı adına kitabxanın yerləşdiyini bilsək də, inanmazdıq ki, bu gözəl kitabxananı bütövlükdə məhv ediblər; görəndən sonra inandıq. Bu kitabxana Sovetlər zamanında yaradılmışdı, Bakının ən məhşur kitabxanalarından biri idi. Kitabxanada həm böyüklər, həm də uşaqlar üçün xüsusi güşələr, mətbuat və oxu zalı vardı. Kitabxana son illərdə baxımsızlıqdan və diqqətsizlikdən yaman günə düşsə də, kitab oxumaq həvəsində olanlardan bura üz tutanların sayı az deyildi. Biz özümüz Tolstoyu, Dostoyevskini, Kafkanı, Əziz Hesini bu kitabxanada tanımışıq. Yəqin ki, bilirsiniz, sözügedən kitab mərkəzi Axundov adına Kitabxananın yaxınlığında yerləşir. Adətən universitet tələbələri məlum səbəblərdən məhz bu kitabxanaya üz tuturlar. Amma onu da bilirsiniz ki, Axundov kitabxanasından kitabları çıxarmağa icazə vermirlər, məhz bu baxımdan universitet illərində Ənvər Məmmədxanlı adına kitabxana daha çox köməyimizə gəlirdi. İndi isə bu mədəbi yıxıb, yerində qazanc obyekti tikiblər; kitabxana qazanc gətirmir, xərc, qazanc tələb edir. Görünür kimlər üçünsə, millətin mənəvi qazancı deyil, ayrı-ayrı şəxslərin maddi qazanc daha vacib və önəmlidir. Kitabxana turizm şirkətinə satılıb, amma bu yolla uçmaq mümkün deyil, bu yol bizi uçurumdan aşağı uçmağa aparır.
Sonda onu qeyd edək ki, “SW Travel” şirkəti bilet satışını pis həyata keçirmir, hətta şəraitin yüksək səviyyədə olduğunu da demək mümkündür. Ancaq bir çox ölkələrə, xüsusilə də MDB-nin əksər dövlətlərinə uçmaq üçün bilet əldə etmək mümkün deyil; çünki sadəcə olaraq bilet yoxdur.

Ağa Cəfərli // QayNar