Dmitri Medvedyev
Dmitri Medvedyev

Ağ evin bu səfərə sərt reaksiya verməsi Moskvanın «mesajı»na cavabı kimi dəyərləndirilə bilər 

Ankarada «Nabukko» layihəsinin imzalanması mərasiminin keçirilməsi, Rusiya prezidentinin qondarma Сənubi Osetiyaya gözlənilməz səfəri və ardınсa Qara dənizin Gürсüstana aid sektorunda gürсü-türk və gürсü-amerikan təlimlərinin keçirilməsi regional proseslərinin yenidən aktiv fazaya qədəm qoyduğunu göstərir. Bu üç hadisənin bir-birinə bağlı olduğunu söyləmək çətin olsa da, ardıсıllıq prinsipinin təsadüfdən irəli gəldiyini demək də çətindir. Siyasətdə adətən təsadüflərə nadir hallarda rast gəlindiyi hamıya məlumdur. Odur ki, Avropa dövlətləri liderlərinin Ankarada bir araya gələrək qitənin enerji təhlükəsizliyinə dair vacib məsələni həll etdiyi bir zamanda Rusiya prezidenti Dmitri Medvedevin Cənubi Osetiyaya səfər etməsi güman ki, təsadüfi deyil. Hər halda Kreml bu səfərlə Qərbə müəyyən mesajlar göndərdiyini desək, yanılmarıq.

Moskvanın «Nabukko» layihəsinə antipatiya ilə yanaşdığını nəzərə alsaq, Qərbə mesajının əsasında Cənubi Qafqazdakı mövqelərindən geri çəkilməyəcəyini və bu layihənin baş tutmaması üçün əlindən gələni edəcəyi ilə bağlı işarənin dayandığını söyləmək olar.

ABŞ administrasiyasının bu səfərlə bağlı dərhal bəyanat verməsi bu versiyanın ağlabatan olduğunu göstərir. Yəni, Ağ evin Medvedevin Cənubi Osetiyaya səfərinə sərt reaksiya verməsi faktiki olaraq Vaşinqtonun Moskvanın «mesajı»nı yaxşı anladığını göstərir. Qeyd edək ki, Ağ ev Kreml rəhbərinin Sxinvaliyə gəlməsini regiondakı sabitliyin möhkəmlənməsinə xidmət etməyən addım kimi dəyərləndirmişdi. Kremldəki mənbə isə qarşı tərəfə cavab olaraq bu səfəri dramatikləşdirməyə çağırdı.

Ancaq Medvedevin səfərinin soraqları bu dəfə Gürcüstan paytaxtından gəldi. Gürcüstan siyasi elitasının əksər hissəsi məsələyə mövqe bildirərək Medvedevin bu addımını qəti olaraq pislədi. Gürcüstan parlamentinin bəzi üzvləri isə daha uzağa gedərək Medvedevin Sxinvaliyə səfəri ilə Adolf Hitlerin işğal olunmuş ərazilərə səfər etmək təcrübəsi arasında paralellər aparmağı özlərinə borc bildilər.

Dünən isə Qara dənizdə gürcü və amerikan hərbi dənizçilərinin birgə təlimlərinə start verilib. Təlimlərin Abxaziyaya yaxın ərazidə keçirilməsi bəzi mülahizələrə gətirib çıxartdı. Belə ki, təlimlərin qondarma respublikanın sərhəddində keçirilməsi qərarının planlı şəkildə verildiyinə dair fikirlər səsləndi. Gürcü-amerikan təlimləri ilə yanaşı gürcü-türk təlimlərinin başlaması isə bu mülahizələrin ciddi əsaslara malik olduğunu göstərir.

İyulun 22-də ABŞ vitse-prezidentin Cozef Baydenin Tiflisə planlaşdırılan səfərini də bura əlavə etsək, proseslərin ardıcıllıq prinsipi ilə cərəyan etdiyini görmək olar. Baydenin səfəri zamanı hər hansı anlaşmaların əldə oluncağı planlaşdırılmasa da, faktiki olaraq bu səfərin ABŞ-ın Gürcüstana dəstəyinin ifadə olunması kimi qiymətləndirilir. Moskvada da bunu çox gözəl bilirlər. Bu səbəbdən də ruslar tərəfindən Vaşinqtonu qıcıqlandıra biləcək addımların atılması proqnozlaşdırılan və gözləniləndir.

Ilham SULTANOV /ANS PRESS/