NTV - Təyyarə qəzası
NTV - Təyyarə qəzası

Tehrandan İrəvana gedən 169 nəfər həlak olub

İranda Rusiya istehsalı olan təyyarə qəzaya uğrayıb.

İranın rəsmi “İRNA” agentliyi təyyarədə 150 nəfərin olduğu barədə məlumat yayıb. Tupolyev tipli təyyarədə olanların hamısının həlak olduğu güman edilir.

“Cnnturk” təyyarənin Qəzvin şəhərinin yaxınlığında qəzaya uğradığını yazıb. İlkin məlumata görə, təyyarə Tehrandan İrəvana gedirmiş. Təyyarənin qalıqları tapılıb, içərisində olanların hamısı ölüb.

Son məlumata görə, təyyarə İranın “Caspian Airlines” şirkətinə məxsus olub. “Tu-154” təyyarəsi “İmam Xomeyni” hava limanından qalxandan 16 dəqiqə sonra qəzaya uğrayıb. Hələlik təyyarənin qəza səbəbləri barədə məlumat verilmir.

Dəqiqləşdirilmiş məlumata görə, təyyarədə 169 nəfər, o cümlədən 153 sərnişin və 16 ekipaj üzvü olub. Əvvəlcə onların əksəriyyətinin Ermənistan vətəndaşları olduğu bildirilirdi. “İnterfaks” agentliyi isə İrəvandakı “Zvartnos” hava limanında təyyarədə olan 26 erməninin siyahısının açıqlandığını bildirir.

Bundan əlavə, təyyarədə gürcülərin də olduğu məlumdur. Gürcüstan Xarici İşlər Nazirliyi ölənlər arasında Gürcüstanın Ermənistandakı səfirliyinin maliyyə menecerinin və İrandakı səfirin həyat yoldaşının da olduğunu qeyd edir.