İçərişəhər Metrosu
İçərişəhər Metrosu

Bu gündən “İçərişəhər” metrostansiyası yeni eskalatorların quraşdırılması ilə əlaqədar sərnişinlərin üzünə bağlanıb. Bakı Metropoliteninin rəis müavini, Tikilən Bakı Metropoliteni Müdiriyyətinin rəisi Arif Rəsulov  “Media forum” saytına deyib ki, “İçərişəhər”də yeni eskalatorların quraşdırılması Bakı Metropoliteninə 6 milyon manata başa gələcək.

Onun sözlərinə görə, eskalatoru sentyabrın 15-dək quraşdırıb başa çatdırmaq planlaşdırılır. Həmin vaxtadək stansiya sərnişinlər üçün bağlı qalacaq: “Üç ədəd eskalator yenisi ilə əvəz ediləcək. Eskalatorlardan birinin sökülməsi başa çatıb, ikincisinin sökülməsinə isə bu gecədən başlanıb. ”

Yeni eskalatorlar Almaniyanın “Tisson Krup” şirkətinə məxsusdur. Eskalatorların quraşdırılmasını şirkət özü təmin edir: “Lazım olan materiallar, hissələr sərhəddən keçib və onların daşınmasında heç bir problem olmayıb”.

A.Rəsulov bildirib ki, eskalatorların dəyişdirilməsi işi sistematik olacaq: “Çünki sovet eskalatorlarının “ömrü” tamam olub. Bu işlər növbə ilə “Xətai”, “28 May” və “Sahil” stansiyalarında davam etdiriləcək. Hər üç stansiyada Almaniyanın “Tisson Krup” şirkətinin maşınları quraşdırılacaq”.