Allahşükür Paşazadə
Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistan nümayəndələrinin Xankəndi-Yerevan-Bakı marşrutuyla səfərlərinə münasibət bildirib. “Media forum” saytının məlumatına görə, A.Paşazadə deyib ki, Dağlıq Qarabağla bağlı yalnız bir prinsipi var: “Bu da Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılmasıdır. Münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyam. Səfərlə bağlı mənə təklif olarsa, müsbət yanaşaram. Hələlik mənə Dağlıq Qarabağa getmək təklifi olmayıb. Ancaq mən bu səfərlərə pis baxmıram. Biz öz torpağımıza gedirik. Qarabağ bizimdir, başqasının deyil. Hesab edirəm ki, belə səfərlərin ancaq xeyri ola bilər. Mən hər vasitəyə əl atmağın tərəfdarıyam, təki Dağlıq Qarabağı qaytarmaq mümkün olsun”.Şeyx vurğulayıb ki, 1988-ci ildən başlayaraq Ermənistan katolikosu ilə görüşlər keçirir və bu görüşlərdə hətta müəyyən sənədlər də imzalanıb: “Gələcəkdə belə təkliflər olarsa, baxacağıq. Ola bilər, bu yaxınlarda Rusiya patriarxı bizim növbəti görüşümüzü təşkil etsin. Gələn ilin aprelində Bakıda MDB Dinlərarası Məşvərət Şurasının toplantısı keçiriləcək. Mənim adımdan Ermənistan katolikosu Qareginə də dəvət göndəriləcək. Əgər o istəyəcəksə, gəlib iştirak edə bilər”.

 

A.Paşazadə “Dini etiqad azadlığı haqqında” qanunda edilən dəyişikliklərə də münasibət bildirib. Onun fikrincə, QMİ və İslam Universitetinin xətti ilə xaricdə dini təhsil alan şəxslərin gələcək fəaliyyətinə yol var: “Digər tərəfdən, qanunun geriyə qüvvəsi yoxdur. Ümumiyyətlə, qanuna edilən dəyişikliyi düzgün şərh etmək lazımdır. Bu dəyişiklik dini təhsilini təkmilləşdirməyə gedənlərə şamil olunmur”.

Şeyx hesab edir ki, “Dini etiqad azadlığı haqqında” qanuna xaricdə dini təhsil alanların Azərbaycanda dini mərasimlərin idarə olunmasına məhdudiyyət qoyulması ilə bağlı edilən dəyişikliklər cəmiyyətdə birmənalı qarşılanmayıb. A.Paşazadə bildirib ki, cəmiyyətdə müəyyən qədər radikallıq var və bu, dövlət üçün çətinliklər yaradır: “Mən ailə tanıyıram ki, öz uşağını 6-cı sinifdən çıxarıb xaricdə dini təhsil almaq üçün göndərib. Bu uşaqlar öz vətənlərinə 20 yaşında qayıdırlar. İndi siz deyin, onlar necə öz ölkəsinin vətəndaşı ola bilərlər? Uşaq olanda imkansızlıqdan məktəbə anamın pencəyini geyinmişdim. Yəni özünün olmayan bir şeyi əyinə geyinməyin nə demək olduğunu çox yaxşı bilirəm. Dövlət qanunu dəyişirsə, öz vətəndaşlarını qoruyur. Biz “Əbu Bəkr” məscidində baş verən hadisəni unutmamalıyıq».

A.Paşazadənin sözlərinə görə, indiyə qədər xaricdə 5 minə yaxın azərbaycanlı tələbə dini təhsil alıb: “Ancaq hamı bilməlidir ki, bizim xəttimizlə dini təhsilini təkmilləşdirmək üçün xaricə gedənlər olur. Bu qadağalar həmin şəxslərə şamil olunmur. Həmin adamlar ibtidai dini təhsilini Azərbaycanda alır, sonra da bu təhsili təkmilləşdirmək üçün xaricə gedir. Bəzi adamlar isə uşaq yaşlarından xaricdə dini təhsil almağa göndərilir. Söhbət məhz bundan gedir. Yəni dövlətin qanuna etdiyi dəyişikliklər dinə-imana qarşı deyil”.