Yaşar Əliyev
Yaşar Əliyev

Çinin Urumçi vilayətində yaşayan 50-yə yaxın azərbaycanlı vətənə dönmək üçün Azərbaycanın Çindəki səfirliyinə müraciət edib. “Media forum” saytı xəbər verir ki, bunu Azərbaycanın Çində fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev iyulun 13-də jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, Urumçidəki qanlı hadisələr zamanı orda olan azərbaycanlılardan kimlərinsə ziyan çəkməsi barədə səfirliyə hər hansı məlumat daxil olmayıb. Səfir Çində hüquqi şəxs qismində Azərbaycandan yalnız “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndəliyinin fəaliyyət göstərdiyini, digərlərinin isə fərdi şəkildə çalışdıqlarını söyləyib.

Y.Əliyev Azərbaycanda Çin mallarının boykot edilməsi çağırışlarına da münasibətini açıqlayıb. Azərbaycanla Çin arasında 1 milyard dollarlıq ticarət dövriyyəsinin olduğunu vurğulayan səfir bu cür çağırışlara ehtiyac görmədiyini bildirib. Səfir həmçinin əlavə edib: “Ümumiyyətlə təcrübə göstərir ki, hansısa ölkənin mallarının boykot edilməsi metodu effekt vermir”.