TQDK
TQDK

Azərbaycan bölməsi düzgün cavabları

Rus bölməsi düzgün cavabları

Dünən 2009-2010-cu tədris ili üçün ölkənin ali və orta ixtisas məktəblərinə 1-ci qrup üzrə qəbul imtahanı keçirildi. Saat 11.00-dən başlayan imtahan Bakı, Sumqayıt və Naxçıvan şəhərlərində keçirildi. İmtahanın aparılması üçün Bakı şəhərində 51, Sumqayıt şəhərində 7, Naxçıvan şəhərində 2 bina ayrılıb. Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən 2471 nəzarətçi-müəllimin iştirak etdiyi imtahana 243 imtahan rəhbəri cəlb olunub. I qrup üzrə 35811 abituriyent ərizə təqdim edib.
Sənəd verənlərin 32963 nəfəri Azərbaycan bölməsinin, 2848 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 22252 nəfərini oğlanlar, 13559 nəfərini isə qızlar təşkil edirdi. 20761 nəfər orta məktəblərin builki, 15050 nəfər əvvəlki illərin məzunları idi.
Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 195 abituriyent xarici ölkələrin vətəndaşıdır. 98 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusunda idilər. 842 abituriyent orta ixtisas məktəblərinin məzunlarıdır. Ən yaşlı abituriyent 1951-ci ildən, ən gənc isə 1994-cü ildəndir. Bakı şəhərində 29907 abituriyent, Naxçıvanda 1363 abituriyent, Sumqayıtda isə 4541 abituriyent biliyini sınadı. İmtahan prosesini Azərbaycan Texniki Universitetinin 5-ci korpusunda müşahidə etdik.
İmtahan saat 11-də başlasa da, abituriyentlər salona saat 9-dan buraxılırdı. Ötən dəfə qeyd etdiyimiz kimi imtahan gedən binanın qarşısında abituriyentlərdən qatbaqat çox valideyn vardı. Problemin ən böyüyünü də elə onlar yaradırdı. Ən dəhşətlisi o  idi ki, bu valideynlər düz məktəbin qapısının kandarına qədər övladlarını müşayiət etmək istəyirdilər. Təbii olaraq bu halda dəhşətli səs-küy, basırığın yaratdığı isti abituriyentin tez və rahat şəkildə imtahan zalına daxil olmasına mane olur. Abituriyentlər qapıda çox ciddi şəkildə yoxlanılırdı. Xeyli sayda uşağın üstündən şparqalka aşkarlandı. Nəzərə çatdırım ki, şparqalka gətirənlərin hamısı oğlanlar idi.  Nicat Namazov adlı abituriyentdə isə mobil telefon aşkarlandı. N. Namazov ötən il də imtahandan kəsildiyini bildirdi: “ Telefonu zala keçirmək məqsədi ilə gətirməmişdim. Çöldə məni heç kəs gözləmir. Fikirləşdim ki, içəri girəndə nəzarətçilərə təqdim edərəm”. Abituriyentin yalvarışlarına baxmayaraq onu imtahandan kənarlaşdırdılar. Binada 672 abituriyentdən 25-i naməlum səbəblərdən  gəlməmişdi.
İmtahan binasının qarşısında olduğumuz vaxta valideynlər arasında kiçik bir sorğu apardıq. Sorğuya əsasən bəlli oldu ki, valideynlərin əksəriyyəti övladlarını repetitor yanına göndərib.
Rafiq bəyin fikrincə, hazırlıqsız uşağın məktəbə daxil olması qeyri-mümkündür: “İndiki şəraitdə orta məktəb təhsilinə ümid edib heç texnikuma da girmək mümkün deyil. Övladımı 4 fəndən hazırlığa qoymuşdum. Allah Kərimdi, yəqin, yaxşı olar”.
Səmayə xanım oğlunun müəllim yanında hazırlaşdığını dedi: “İndi məktəblərdə dərsin səviyyəsi sıfırdır. Dörd fənn üzrə müəllim tutmuşdum. Arxayınam ki, qəbul olunacaq”.
İmtahandan ilk çıxan Quluzadə Emil oldu. Yaxınlaşıb imtahanın necə keçdiyini soruşduqda maraqlı cavab eşidirik: “Heçnə bilmirdim, heç nə də yazmadım”. Bəs imtahana niyə gəlmisən sualına isə belə cavab verir. “ fikirləşirdim ki, bəlkə insaflı biri çıxıb mənə kömək edər. O da olmadı. Ötən il də imtahanda cavab kartını boş qoydum, bu il də. Bir də gəlməyəcəyəm” deyə cavab verdi. Beləcə, uşaqlar bir-birinin ardınca imtahan zalından çıxır. Kiminin üzü gülür, kimisi isə çox məyus vəziyyətdə binanı tərk edirdi….
Qeyd edək ki, imtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən I ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Saat 19.30-da «Space» telekanalının canlı efirində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları barədə məlumat veriləcək.
I ixtisas qrupu üzrə qəbul imtahanı başa çatdıqdan dərhal sonra cavab kartlarının emalına başlanacaq və test imtahanının nəticələri qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə biləcəklər.
I ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 16-dan 23-dək qabiliyyət imtahanı verməlidir.
Nəzərə çatdıraq ki, imtahanların nəticələri bir neçə gün ərzində bilinəcək. Şikayətlərə isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qəbul imtahanları başa çatdıqdan sonra iyulun 28-də cavab verəcək.