Bakı üzərində duman
Bakı üzərində duman

Azərbaycan xalqına qarşı İsrail genosidi
Ekspertlər toz qatının tektonik-bioloji silahla yaradıldığını deyir; məqsəd Peresin uçağına qarşı İranın mümkün saldırısını önləmək imiş…

Ötən ayın sonlarında Bakı səmasını müəmmalı toz-duman qatının bürüdüyü barədə yazmışdıq. Xatırladaq ki, o zaman yerli meteoroloqlar bu hadisəni Xəzərin o tayında, Türkmənistan səhrasında baş verən qasırğa ilə əlaqələndirmişdilər. Qeyd etmişdilər ki, Bakı səmtinə əsən güclü külək tozlu dumanı paytaxtımıza qədər gətirib çıxarıbmış. Maraqlıdır ki, həmin vaxt tibbi ekspert, professor Adil Qeybulla qəzetimizə açıqlamasında belə toz qatının insan orqanizminə vura biləcəyi ziyanlardan söz açmışdı.

Professor eyni zamanda fəsadların daha dəqiq hesablanması üçün tozun tərkibinin öyrənilməsini vacib saymışdı. Lakin o zaman məsələnin üzərinə gedilmədi və cəmiyyət də hidrometeoroloji proqnozla kifayətlənməli oldu.
Üstündən təxminən iki həftə keçmiş qəzetimiz bu xüsusda olduqca ilginc sayılacaq məlumat əldə edib. Məsələ ondadır ki, hərbi texnologiyalar üzrə ekspertlərdən biri meteoroloqlardan tam fərqli qənaətdədir. Adının çəkilməsini istəməyən həmin ekspertə görə, bu, əsla təbiətin yox, insan faktorunun yaratdığı hadisə olub: “Söhbət bəzi bioloji, tektonik silahların yaratdığı təsirlərdən, o sırada süni toz-duman qatından gedir. Belə silahlar isə ABŞ kimi supergüclərin hərbi arsenalında çoxdan mövcuddur. Onlardan potensial rəqib ölkələrə qarşı vaxtaşırı istifadə edilib və edilir. Zaman-zaman dünya mətbuatında haqqında yazılan süni zəlzələlər və yağışlar, yeraltı təkanlar, bəzi başqa, təbiət hadisələrinə bənzər hadisələrin səbəbkarı da çox vaxt elə bu cür silahlar olur. Bu dəfə biz onlardan birinin tətbiqinin nəticəsini Bakı üzərində müşahidə elədik”.    
Bəs, süni dumanın yaradılmasında məqsəd nə imiş?
Səbəb, sən demə, İsrail prezidenti Şimon Peresin Bakı səfərilə ilgili imiş. Eksperti dinləyək: “Bu, Peresin ən yüksək səviyyədə təhlükəsizliyinə və səfərin uğurla yekunlaşmasına hesablanmış olduqca ciddi, önləyici bir tədbir idi. Onu birgə ABŞ-İsrail projesi də saymaq mümkündür. Əsas hədəf isə İsrail prezidentini Bakıya gətirən və Xəzər üzərindən Qazaxıstana aparan təyyarəni Azərbaycanın yaxın qonşusu, İsrailin bir nömrəli düşməni İran üçün gözəgörünməz etmək, gizlətmək olub. Təsadüfi deyil ki, sirli duman qatı İsrail prezidenti Azərbaycanı tərk edən kimi, həm də dərhal yoxa çıxdı”.
Beləcə Bakı üzərində sirli duman qatının Şimon Peresin güclü mühafizəsinə birbaşa dəxli olması qənaəti formalaşır. Hadisənin ilk dəfə müşahidə edilməsi və İsrail prezidentinin Bakı səfəri ilə üst-üstə düşməsi versiyaya kifayət qədər ciddilik yükü verir. İş ondadır ki, “duman” həqiqətən Peres Bakıya ayaq basan gündən yaranıb və ölkəni tərk edən kimi də çəkilib. Yəni cəmi 2-3 gün sürüb. Özü də o, Azərbaycanın İranla sərhəd cənub bölgəsində (Lənkəran-Yardımlı) müşahidə edildiyi halda, şimal bölgəmizdə (Quba-Xaçnaz) görünməyib.

***

Maraqlıdır, bəs, rəsmi Bakı belə bir proje barədə məlumatlı olubmu? Yaxud xəbərdar edilibmi? Bizdəki ilkin məlumata görə, xeyr. Azərbaycana, onun təbiətinə və insanlarının sağlığına dəhşətli şəkildə təhlükə törədən, bir növ sui-qəsd xarakterli olan belə bir addıma heç bir ölkənin iqtidarı, əlbəttə ki, razılaşmaz. ABŞ-İsrail xüsusi xidmət orqanları bir nəfərin təhlükəsizliyi və onu ehtimalı zəif hər hansı xəyali saldırıdan qorumaq naminə bir millətin sağlığını, gələcəyini risk altına qoyub. Əslində bu, genosid kimi bir şeydir.

***

Bu payız ABŞ prezidenti Barak Obamanın Bakıya səfəri gözlənilir. Yenə paytaxtı və Xəzəri duman basa bilər. Bu da Qərbdən gələn xeyir… Suya, dumana, tüstüyə dönmüş, başımıza enmiş…       
Mövzuya qayıdacağıq.
Nurlan NADİRLİ