İmtahan
İmtahan

Ən yaşlı abituriyent 1951-ci ildən, ən gənc isə 1994-cü ildəndir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün 2009-2010-cu tədris ili üçün Azərbaycan ali məktəblərinə və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirir. Lent.az Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən xəbər verir ki, qəbul imtahanı Bakı, Naxçıvan və Sumqayıt şəhərlərində keçirilir.

İmtahanın aparılması üçün Bakı şəhərində 51, Sumqayıt şəhərində 7, Naxçıvan şəhərində 2 bina ayrılıb. Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən 2471 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 243 imtahan rəhbəri cəlb olunub.

2009-cu ildə I qrup üzrə 35811 abituriyent ərizə təqdim edib.
Sənəd verənlərin 32963 nəfəri Azərbaycan bölməsinin, 2848 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 22252 nəfərini oğlanlar,

13559 nəfərini isə qızlar təşkil edir.

20761 nəfər orta məktəblərin builki məzunudur.

15050 nəfər əvvəlki illərin məzunudur.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 195 abituriyent xarici ölkələrin vətəndaşıdır. 98 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.

842 abituriyent orta ixtisas məktəblərinin məzunlarıdır.

Ən yaşlı abituriyent 1951-ci ildən, ən gənc isə 1994-cü ildəndir.

Bakı şəhərində 29907 abituriyent, Naxçıvanda 1363 abituriyent,

Sumqayıtda isə 4541 abituriyent imtahan verəcək.

İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən I ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Bu gün saat 19:30-da «Space» telekanalının canlı efirində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları elan olunacaq və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək.

I ixtisas qrupu üzrə qəbul imtahanı başa çatdıqdan dərhal sonra cavab kartlarının emalına başalanacaq və test imtahanının nəticələri qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə biləcəklər.