Rəbiyə Kader
Rəbiyə Kader

Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanın uyğur türklərinin liderlərindən olan Rəbiyə Kaderə viza verilə biləcəyinə dair açıqlaması Pekinlə Ankara arasında gərginliyə gətirib. “Media forum” xəbər verir ki, Çinin Türkiyədəki səfirliyi Ərdoğanın açıqlamasına “Kadere viza verilməsi münasibətlərimizə mənfi təsir edər” deyə münasibət bildirib.

ABŞ-da sürgün həyatı yaşayan Dünya Uyğur Konqresinin lideri Rəbiyə Kader iki gün əvvəl televiziyalara açıqlamasında 2006-2007-ci illərdə Türkiyəyə gəlmək istədiyini, lakin viza ala bilmədiyini açıqlayıb. Türkiyəni özünün ikinci vətəni sayan “uyğurların anası” “bir gün mütləq ora gedəcəyəm” deyib.

Kaderin bu gileyi ilə bağlı jurnalistlər baş nazir Rəcəb Teyyub Ərdoğana sual ünvanlayıblar. Ərdoğan deyib ki, müraciət edərsə, Kaderə viza veriləcək. Çinin Ankaradakı müvəqqəti işlər vəkili Xiao Çun Zeng isə bu açıqlamanı narahatlıqla izlədiklərini deyib: “Birmənalı şəkildə buna qarşı çıxacağıq. Sincan Muxtar Vilayəti iki ölkə arasındakı münasibətlərin inkişafı üçün körpü rolunu oynayır. Kaderin bu olay bəhanəsilə münasibətləri pozacağından narahatıq”.

Çin təmsilçisi Türkiyənin sənaye və ticarət naziri Nihat Ərgünün Çin mallarını boykot etmə çağırışından da təəccübləndiyini deyib: “Nazir və Türkiyənin dörd yanında boykot çağırışı edənlər bu olayların arxasındakı gerçəkləri bilsəydilər, belə danışmazdılar”.

Dünya Uyğur Konqresinin sədr müavini Seyid Tümtürk isə Ərdoğanın təlimatının Türkiyənin Vaşinqtondakı səfirliyinə çatdırıldığını söyləyib. O, Kaderin səfirliyə gedərək müraciət edəcəyini, viza alaraq İstanbula gələcəyini deyib: “Onu İstanbulda böyük qələbəliklə qarşılayacağıq”.