Hadisə
Hadisə

Müğənni möhtəşəm konsert proqramı ilə çıxış edəcəyini bildirib.

Türkiyəni “Eurovision-2009” müsabiqəsində təmsil etmiş və dördüncülük qazanmış Hadisə Açıqgöz ötən gecə Bakıya gəlib.

APA-nın məlumatına görə, türkiyəli müğənni onu hava limanında gözləyən media mənsublarının bütün suallarını cavablandırıb. Sənətçi Azərbaycanda olmağından çox məmnunluq duyduğunu və səfərinin uğurlu keçəcəyinə ümid etdiyini vurğulayıb: “Türkiyədən Azərbaycana gəlmək üçün iki saat vaxt lazımdır. İki qardaş ölkənin bu qədər yaxın yerləşməsi çox gözəl bir haldır. İlk dəfədir ki, Azərbaycana gəlirəm və çox həyəcanlıyam. Bu həyəcan böyük bir sevginin əlamətidir. Azərbaycanda çox sevildiyimi eşitmişəm və bu gün onu səhnədən hiss edəcəyəm. Üç gün Bakıda olacağam və iki konsert verəcəyəm. Bu konsertlərdən biri açıq hava altında Yaşıl Teatrda olacaq. Digər konsertim isə özəl xarakter daşıyır”. Hadisə “Eurovision” müsabiqəsindən əvvəl onun Bakıya nəzərdə tutulan konsertinin təxirə salınmasına da münasibət bildirib. Müğənni həmin ərəfədə “Eurovision” müsabiqəsinin hazırlıqları ilə əlaqədar bu konsertin təxirə salındığını açıqlayıb: “Eurovision”la əlaqədar olaraq bir neçə yerdə nəzərdə tutulan konsertim təxirə salındı. Əslində mən nəzərdə tutulan bir layihəni, konserti təxirə salmağı heç sevmirəm. Bu mənim xasiyyətimə tam ziddir, ancaq işlər elə gətirdi ki, son anda gəlmək mümkün olmadı. İşlədiyim şirkətə çox müraciətlər daxil olurdu, ancaq bir çox təklifi müsabiqə hazırlığı ilə əlaqədar olaraq qəbul edə bilmirdik. Ancaq artıq Bakıdayam və siz məni qarşınızda görürsünüz. Azərbaycan konsertim təxirə salınanda çox məyus oldum, çünki bura gəlməyi ürəkdən istəyirdim. Bundan sonra məni tez-tez Bakıda gözləyin”. “Eurovision” müsabiqəsindən sonra Türkiyədə çox yaxşı qarşılandığını da bildirən Hadisə Açıqgöz, artıq sözügedən müsabiqənin dəftərini bağladığını açıqlayıb: “Eurovision” dönəmi gözəl bir dönəm idi. Ancaq artıq “Eurovision” dəftərini bağlamışıq. Artıq şəxsi yaradıcılığım üzərində işləyirəm. Yeni “Qəhrəman” adlı albomum işıq üzü gördü və albomu dinləyənlərin çox xoşuna gəlir”.

Hadisə jurnalistlərin “Sinan bəyi yanınızda gətirdinizmi” sualına “yox” cavabı verib: “Mən heç zaman, kimisə yanımda aparmıram. İşimdə çox dəqiqəm və burada işlə bağlı gəlmişəm”. Hadisənin “Düm tek-tek”in müəllifi Sinan Akçillə birlikdə olması və onunla nişanlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirməkdən imtina etməyib. Müğənni onların nişanlanması ilə bağlı xəbərin həqiqətə uyğun olmadığını açıqlayıb: “İki gün bundan əvvəl bir konsertdə barmağımda üzük vardı. Ancaq bu üzük nişanlanmağım anlamına gəlmir. Mən nişanlanmamışam və bu yaxınlar üçün də bunu planlaşdırmıram. Sizin qarşınızda bunu yalan olduğunu etiraf edirəm. Maqazin proqramları tərəfindən mənim yaxtada görüntülərim də çəkildi. Mən bu faktı inkar etmirəm, ancaq bununla bağlı da çox danışmaq istəmirəm. Hər gənc qız kimi mənim də evlilik xəyalım var. Evliliyə çox isti baxan biriyəm. Ancaq 23 yaşındayam və evlilik üçün çox gəncəm. Karyeram, işim, ondan sonra evlilik ola bilər”.
Azərbaycanı “Eurovision-2009” müsabiqəsində təmsil etmiş Ayseli çox bəyəndiyini də deyən Hadisə, müsabiqə dönəmində görüşləri zamanı Aysellə bir-birilərinə hər zaman uğurlar arzuladıqlarını da deyib. Ayselin səhnəyə çox yaraşdığını da deyən Hadisə, onun Azərbaycana bundan sonra da uğur gətirməsini arzulayıb.
Hadisə bu gün Yaşıl Teatrda tamaşaçılara unudulmaz gecə yaşadacağına söz verib.