Ömər Bin Laden
Ömər Bin Laden

Ömər bin Laden atasının itlər üzərinə eksperimentindən danışıb


Üsamə bin Laden qaz silahının sınaqdan keçirilməsi üçün oğlunun sevimli itlərindən istifadə edirmiş. Lent.az-ın “NY Daily News”ə istinadən verdiyi məlumata görə, bu barədə “bir nömrəli terrorçu”nun oğlu özünün memuarlarında yazıb.

Ömər bin Laden kitabında qeyd edib ki, itləri qazla boğmaq üçün onun əlindən zorla alıblar. O, ancaq bundan sonra atasının necə dəhşətli adam olduğu başa düşüb.

Qeyd edək ki, bin Ladenin əsəbi iflic edən qaza malik olduğu və onu sınaqdan keçirdiyi bundan əvvəl də məlum idi. “CNN” telekanalı 2002-ci ildə bin Ladenin Əfqanıstandakı düşərgəsində heyvanlar üzərində qaz sınağının keçirildiyini sübut edən kadrlar nümayiş etdirib.

Ömər öz kitabında təsdiq edib ki, atası Amerika qoşunlarının 1998-ci ildə onu məhv etməyə hazırlaşdıqlarından xəbər tutub. O, informasiyanı alandan dərhal sonra düşərgəsini tərk edib. Bundan 2 gün sonra onun düşərgəsinə qanadlı raketlərlə zərbə endirilib. Ömərin iddiasına görə, onun atasına məlumatları Pakistan kəşfiyyatı ötürürmüş.

28 yaşlı Ömər ”Growing Up Bin Laden” (“Bin Laden kimi böyümək”) adlı kitabı anası Nacva ilə bir yerdə yazıb. Memuarlar “St. Martins Press” nəşriyyatı tərəfindən bu il çap ediləcək.