Alim Qasımov
Alim Qasımov

Son günlər “İlahi” adlı yeni mahnısı ilə musiqi zövqümüzü təzələyən xalq artisti Alim Qasımov bir sıra yeniliklər iddiasındadır. Bu mahnı xanəndənin rok janrında göstərə biləcəyi imkanlarını açdı. Əvvəlcə bu üslubda oxumaqdan ehtiyat edən A.Qasımov sonradan fikrində yanıldığını başa düşüb. O, azanla başlayan həzin musiqini sonda muğamla yekunlaşdırır. Alim Qasımovun vəd etdiyi kimi “İlahi”yə klip çəkiləcək. Ümumiyyətlə isə, xanənədənin yaxın aylar üçün planları genişdir.

Onun ənənəvi səfər proqramları bu yay daha sıx olacaq. Eyni zamanda, Alim Qasımov çoxdan vəd etdiyi “Leyli və Məcnun” operasını öz ampluasında təqdim etməyi qarşıya məqsəd qoyub. Vaxtilə Opera və Balet Teatrında Səkinə İsmayılova, Qəndab Quliyeva, Mələkxanım Əyyubova kimi muğam ifaçıları ilə bir səhnədə oxuyan Alim Qasımov artıq yaşının Məcnuna uyğun olmadığını etiraf edir. Lakin o, fərqli səs imkanları ilə operaya yeni nəfəs gətirəcəyinə inanır. Eyni zamanda düşünmür ki, bunu opera teatrında sərgiləməlidir: “İlin bütün ayını, demək olar, səfərlərdə oluram. İnsanlar üçün mənim yerdə oturub oxumağım maraqlıdır. Lakin bu da nə vaxtsa özəlliyini itirə biləcək. İstəyirəm, başıma topladığım geniş kollektivlə birlikdə “Leyli və Məcnun”a öz aspektimizdən yanaşaq. Mini tamaşa şəklində hazırlanması planlaşdırılan əsərin sonradan tənqidə tuş gəlməməsi üçün bütün məqamlara diqqətlə yanaşırıq”.

Xanəndə əlavə edir ki, Məcnunu oynamaq üçün ifaçıda kifayət qədər potensial varsa, bunu sərgiləməlidir. Tamaşadan söz düşmüşkən, ötən ayların birində Opera və Balet Teatrına dəvət olunan yeni ifaçıların eyni tamaşada debütünü müsbət qiymətləndirir. O, tamaşaya baxmasa da, ifaçıların istedadları barədə xəbərdar olduğunu bildirdi: “Son illər xanəndəlik, ümumiyyətlə, musiqi sənətinə maraq çox artıb. Vaxt vardı, təsadüfi insanların meydan oxuduğu barədə tənqidi fikirlər səslənirdi. Lakin mənim müşahidələrim bunun əksini deyir. Düzdür, sənətdə təsadüfi insanlar var və bunlar az deyil. Lakin istedadlar o qədərdir ki, onlar özəlliklə muğam sənətində istedadsızları kölgədə qoyublar. Bunun üçün narahat olmağa dəyməz”.

Lakin xanəndə gənc həmkarlarının repertuarı barədə elə də xoş fikirlər söyləmədi. Onun fikrincə, xanəndələr ağır muğamlara bir o qədər yaxın gəlmirlər: “Qəliz və çətin muğamlar oxumaları məsləhətdir. Çünki asan işin öhdəsindən hər kəs gələr. Mən böyük səhnədə ilk addımlarımı atandan “Simayi-şəms”, “Çahargah” və s. oxuyurdum. Bizim tarixə düşən xanəndələrin, demək olar, hamısı çətin muğamlara imza atıb. Hətta bu gün onların adlarının qarşısında həmin muğamların adları çəkilir”.