Abel Məhərrəmov
Abel Məhərrəmov

BDU rektorundan inanılmaz hərəkət
Türkiyəli diplomatın «İlahiyyat camesi»nin həyətindəki mülkü də söküləcək, yerində göydələn ucaldılacaq

 

Bakıdakı «İlahiyyat camesi»nin imamı İbrahim Memişin məscidin həyətində yerləşən evi sökülüb. Bu barədə lent.az-a Türkiyədəki mənbələrdən bildirilib. lent.az-ın olay yerinə yollanan əməkdaşı İbrahim Memişə məxsus evin həqiqətən də söküldüyünün şahidi olub. Ev tamamilə uçurulsa da, sökülən materiallar ərazidən aparılmayıb. Məscidin adının çəkilməsini istəməyən əməkdaşı lent.az-ın müxbirinə hadisənin iyulun 7-si saat 18.00 radələrində baş verdiyini deyib.
«Əvvəlcədən dedilər ki, evdəki əşyaları çıxarın. Əşyaları çıxarandan sonra gəlib imamın evini sökdülər. Söküntü işləri yaxınlıqdakı binada işləyən ağır texnika vasitəsilə aparıldı. Evin sökülməsinə səbəb kimi isə yaxınlıqda tikilən çoxmərtəbəli binalara gələcəkdə köçəcək sakinlərin yolunun açılması göstərildi».
İbrahim Memiş ona məxsus 5 otaqlı evdə iki övladı və xanımı ilə yaşayırmış. O, iyulun 4-də Türkiyəyə məzuniyyətə gedib.
Ev «İlahiyyat məscidi» tikiləndən bir müddət sonra bir neçə imkanlı adamın vəsaiti hesabına tikilərək İbrahim Memişə verilib.
İ.Memişin evinin yanında isə başqa bir ev də var. Türkiyənin Azərbaycandakı səfirliyinin adının çəkilməsini istəməyən bir işçisi bu evin sahibinin adını açıqlayıb. Məlum olub ki, ev Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşavirinin müavini Bayram Altıntaşa məxsusdur. Türk diplomat 3 otaqlı evdə iki övladı və xanımı ilə birgə yaşayır (onun digər iki övladı isə Türkiyədədir). Bu ev məscid tikilən illərdə (90-cı illərin ortalarında) inşa edilib. Həmin ev «İlhaiyyat camesi» kimi Türkiyənin Diyanet İşləri Vəqfi tərəfindən 1994-cü ildə tikilib.
Səfirlik əməkdaşı lent.az-a bildirib ki, bir neçə gün əvvəl Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov Bayram Altıntaşla görüşüb. O, məscidin həyətindəki hər iki evin sökülməsinin zəruriliyini türk diplomatın diqqətinə çatdırıb. Sonda İbrahim Memişin evi sökülüb, Bayram Altıntaşın evinin isə bir müddətdən sonra sökülməsi qərara alınıb. Altıntaş Məhərrəmovdan bunun qarşılığında ev tikmək üçün yer istəsə də, rektor buna razı olmayıb.
Bayram Altıntaş məscidin həyətindəki evin ona məxsus olduğunu desə də, başqa heç bir açıqlama verməyib.

lent.az-ın əldə etdiyi məlumata görə, «İlahiyyat camesi»nin həyətində onmərtəbəli (hər mərtəbədə 4 yaşayış evi olmaqla) binanın inşa edilməsi nəzərdə tutulur.
Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri Müzəffər Şahin hazırda öz ölkəsindədir. Səfirlikdən isə lent.az-ın sualları cavablandırılmayıb.
Məsələyə BDU-nun rektoru Abel Məhərrəmovun münasibətini öyrənmək də mümkün olmayıb.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) «Tələbə şəhərciyi»ndə yerləşən «İlahiyyat camesi»nin tikintisinə 1993-cü ildə başlanılıb. 1996-cı ildə isə məscid istifadəyə verilib. Bu ilin may ayında məscidin sənədləri qaydasında olmaması səbəbindən onun fəaliyyətinin dayandırılacağı bildirilsə də, sonradan bu, baş vermədi. Xatırladaq ki, məscidin bağlanması tələbini ilk dəfə BDU-nun rektoru, deputat Abel Məhərrəmov irəli sürmüşdü. O, bununla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinə rəsmi məktubla müraciət etmişdi.
Mövzunu davam etdirəcəyik.
Xəbər xidməti