rabiyya_1“Mən kimsəyə küçəyə çıxın demədim. Desəm də, xəta etmiş olmazdım. Çin hökuməti uyğur xalqına əziyyət verir, təhsil haqqını əlindən alıb, azadlıq deyəni içəri atıb”.

Çin hökumətinin Sincan-Uyğur Muxtar Vilayətində baş verən qanlı olaylara görə ittiham etdiyi Rəbiyə Kader CNN Türk televiziyasına açıqlamasında belə deyib.

 

“Media forum” xəbər verir ki, Kader Çində ölənlərin sayının ən azı 500 nəfər olduğunu, bu rəqəmin 1000-ə qədər arta biləcəyini söyləyib. 4 ildir Amerikada sürgün həyatı yaşayan uyğur lider Vaşinqtonda keçirilən akisyada Türkiyəni və bütün dünyanı Çin hökumətinə etiraza çağırıb: “Olayların günahkarı mən deyiləm. Uyğur xalqını çox təzyiq altında saxladılar. Urumçidə, Almaniyada, Avstraliyada, Amerikadakı nümayişləri də mənmi təşkil edirəm? Diktatorluğun xalqa təzyiqi ortadadır. Quandonqda 800 işçiyə hücum etdilər. Xalq buna etiraz olaraq küçələrə çıxdı, iqtidardan cavab istədi, günahkarları tapın dedi. Əhəmiyyət vermədilər. Kiçik uşaqların, gənclərin qarşısına on min nəfərlik hərbi birliklə çıxdılar. Ədalət, azadlıq istəyənlər necə məsuliyyət daşıya bilərlər bu ölümlərə görə?”

Rəbiyə Kader bu qırğını Çin hökumətinin uzun müddətdir planlaşdırdığını deyib: “İqtisadi böhran səbəbilə çox sayda çinli uyğur bölgəsindəki enerji layihələrində çalışmaq üçün buraya göndərilib. Uyğurlar isə Çinin şərqindəki iş yerlərinə aparılıblar. Uyğurlar həm bu məcburi köçə, həm də Xan çinlilərinin bölgəyə yerləşməsinə qarşı çıxır. Rəsimlərə baxın, xalq uşaq-böyüklə oraya gedib dinc şəkildə dərdini anlatmağa çalışırdı. Amma Çin hökuməti ordunu küçəyə çıxardı”.

Uyğur lider qohumlarının bir hissəsinin həbs olunduğunu, uşaqlarının isə ev dustağı edildiyini vurğulayıb: “Uyğur xalqı məni ana bilir. Onun azadlıq davasına xidmətim davam edəcək”.

10 il əvvələ qədər Çinin ən varlı yeddinci şəxsi sayılan Kader 1997-ci ilə qədər deputat olub. 1997-ci ildə deputat mandatı əlindən alınıb və həbsə atılıb. 8 il həbs cəzasına məhkum edilən Kader həbsxanada insan haqları sahəsində mübarizə aparıb və bu səbəbdən bir çox nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. ABŞ və beynəlxlaq təşkilatların təzyiqi ilə Çin hökuməti 2005-ci ildə onu azadlığa buraxmağa məcbur olub. 2006-cı ildə Nobel sülh mükafatına layiq görülən Kader ABŞ-da məskunlaşıb.