Polad-Bulbuloqlu“Ərazimizin 20 faizinin itirilməsində günahkar olanlar bəzən ittihamçı kimi çıxış edirlər”

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Vesti.az-a müsahibəsi

– Siz Dağlıq Qarabağa artıq iki dəfə səfər etmisiniz. Təəssüratlarınızda ziddiyyətlər varmı?

– Əlbəttə ki, heç bir səfər əvvəlkinin təkrarı ola bilməz. Bundan əlavə, səfərlər arasında 2 illik fasilə oldu. Bu, bizim ölkələrimizdəki seçkilərlə bağlı idi. Belə böyük fasilə həm obyektiv, həm də subyektiv səbəblərlə bağlı idi.

İki il insanların dünyagörüşlərinin dinamik şəkildə dəyişdiyi ciddi vaxtdır. Təəssüf hissi ilə qeyd etməliyəm ki, Dağlıq Qarabağda fəaliyyət göstərən təbliğat maşını ancaq bir istiqamətdə işləyir. Onlar yeri ictimaiyyəti və ilk növbədə gəncləri inandırırlar ki, Azərbaycanın tərkibində yaşaya bilməyəcəklər və yaşamayacaqlar.

Eyni zamanda mən hiss etdim ki, onlar Dağlıq Qarabağ problemi ilə bağlı məlum səbəblərdən kifayət qədər qapalı rejimdə aparılan danışıqlardan narahatdırlar. Təbiidir ki, onlar danışıqların məğzindən ümumi cizgilərdə məlumatlıdırlar. Orada yaşayan insanlar hansısa prosesin getdiyini bilirlər və bu proses barəsində daha çox məlumatlı olmaq istəyirlər.

Mən belə səfərlərin vacibliyini vurğulamaq istəyirəm. Hesab edirəm ki, bu səfərlər çox əhəmiyyətlidir və mənə elə gəlir ki, uğurlu format tapılıb.

Yaranmış format belədir: mən vaxtilə bəstəkar olan, sovet dövründən tanıdığım və eyni statusda olduğum şəxslə əlaqə qururam. Biz belə bir nəticəyə gəldik ki, mülki cəmiyyətlər arası razılıq üçün hansısa addımlar atmaq lazımdır. Bir daha qeyd edirəm – biz qəti şəkildə siyasi danışıqlar aparmaq niyyətində deyilik. Bu gün biz mədəniyyət xadimləri kimi vətəndaş cəmiyyətinin adından çıxış edirik.

Humanitar bir şəxsin, vaxtilə Rusiya mədəniyyət naziri işləmiş Mixail Şvıdkoyun da bizə birləşməsini çox uğurlu hesab edirəm. Mən onun hazırkı vəzifəsini bilərəkdən hallandırmıram. Çünki bu adam istənilən vəzifədə bizim prosesdə iştirak edə bilərdi. O çox çevikdir, həm Ermənistanda, həm də Azərbaycanda dostları var, etibarlı tərəfdaşdır.

Mənə elə gəlir ki, münaqişə aparan tərəflər arasında təmas qurulması kimi çətin məsələdə məhz belə humanitar format vasitəsilə nəticələr əldə etmək olar. Azərbaycanlıların və ermənilərin ünsiyyəti üçün imkan yarada biləcək nəticələr.

Heç kim üçün sirr deyil ki, müharibə və onun nəticələri çox ağır irsdir. Mən İkinci dünya müharibəsinin nəticələrini xatırlatmaq istəyirəm. Güman edirəm ki, 1946-cı ildə kimsə Moskvada və ya Berlində açıq şəkildə rus-alman dostluğunu təklif etsəydi, onu xırda hissələrə parçalayardılar. Amma üstündən 7-8 il keçəndən sonra Qərbi Almaniya Sovet İttifaqının ticari tərəfdaşına çevrildi. İndi isə birləşmiş Almaniya Rusiya Federasiyasının ən böyük tərəfdaşlarından biridir. Bizim xalqlarımızı 9 may tarixindən ayıran vaxt kəsiminin üçdə birinin keçdiyini nəzərə alsaq, “daşları yığmaq” vaxtının çatdığını hesab edirəm.

Bütün bəşəriyyət tarixi onu göstərir ki, hətta ən dəhşətli müharibələr sülhlə başa çatır. Necə olmasından asılı olmayaraq, biz Yer kürəsinin bu ərazisində bir yerdə yaşamalı olacağıq.

Xankəndində və İrəvanda olan zaman da jurnalistlərə bəyan etdim və yenə də sadə formulu təkrar edirəm – nə ermənilər, nə də azərbaycanlılar kosmosa uçmayacaqlar.

İnsanlar arasında ünsiyyətin, öz mövqelərinin izah edilməsinin arxasında ciddi sülhməramlı qüvvə durur. Ona görə də, bizim etdiklərimiz çox vacib və zəruridir.

İrəvanda olarkən Bakıda hələ də ermənilərin yaşadığından söhbət açıldı. Mən qeyri-dəqiq rəqəm söylədim. Ermənistan prezidenti Serj Sarkisyan isə mənim səhvimi düzəldərək Bakıda 30 min erməninin yaşadığı barədə məlumatı olduğunu bildirdi. Deməli, bir yerdə yaşaya və mövcud ola bilərlər!

Mən Azərbaycanın Rusiyadakı səfiri kimi deyə bilərəm ki, Rusiyanın ərazisində xeyli erməni və azərbaycanlı var, onlar ailəliklə dostluq edirlər və biznes qururlar. Yeri gəlmişkən, qarışıq nikahlar nəticəsində yaranan ailələrin çoxu Rusiyada yaşayır.

Demək istəyirəm ki, mənəvi cəhətdən nə qədər ağır olsa da, özümüzdə qüvvə taparaq Qarabağ müharibəsi dövründə yaşadıqlarımızın üzərindən adlamalıyıq. Bunu ilk növbədə uşaqlarımızın gələcəyi naminə etməliyik. Uşaqlar böyüyürlər və ilk növbədə yalançı vətənpərvərlər sayəsində bir-birilərinə nifrət atmosferində tərbiyə edilirlər. Bu, yolverilməzdir. Çünki bu yolla daha bir neçə nəslin şüuru zəhərləndiriləcək.

– Sizin birinci səfərinizdə olduğu kimi, ikinci səfəriniz də qınamalar, milli maraqların satılması ittihamları ilə müşayiət olunur. Siz bunu necə şərh edərdiniz?

– Satqınlıq torpaqların verilməsi olub və indi də belədir. Bəzən pul əvəzinə torpaqları satıblar və bunu çoxsaylı faktlar və hətta istintaq materialları da göstərir. Bax bu, milli maraqların satılması adlanır. Məsələn ondadır ki, bir çox hallarda bizim ittihamçılarımız rolunda Azərbaycanın ərazisinin 20 faizini itirməsində günahkar olanlar çıxış edirlər. Mən hesab edirəm ki, gec və ya tez olmasından asılı olmayaraq, Azərbaycan cəmiyyəti buna yol verən insanların məsuliyyəti məsələsini qaldıracaq. Mən həyatlarını və uşaqlarının həyatını xilas etmək üçün qaçan sadə insanları ittiham etmək fikrindən uzağam. Amma hər rayonda konkret vəzifəli şəxslərin başçılıq etdiyi müxtəlif dövlət strukturları fəaliyyət göstərirdilər. Onlar hansısa müəmmalı şəkildə hətta evlərinin mebellərini də çıxartmağa müvəffəq olublar.

Mən təyinatına uyğun olaraq ölənə qədər mövqelərini tərk etməməli olan şəxslərin məsuliyyətindən danışıram. Dənizçilərin yazılmamış şərəf qanunda çox sərt, amma ədalətli prinsip var – əgər batan gəminin kapitanı bəxti gətirməyərək sağ qalsa, o, bütün hallarda günahkardır. Yazılı dəniz qanunlarında isə deyilir ki, ancaq məhkəmə batan gəminin sağ qalmış kapitanının günahkar olması dərəcəsini və ya günahsızlığını müəyyən edə bilər.

Bu qayda öz fəaliyyəti və ya fəaliyyətsizliyi ilə işğala kömək edənlərə tətbiq edilməyib. Hüquqda belə bir bənd var: fəaliyyətsizlik də cinayət məsuliyyətinə gətirib çıxarır.

Boşboğazlıq edərək sülh danışıqlarının əleyhinə çıxmaq əvəzinə, bu insanlar bir-birinin ardınca bizim iri şəhərlərimizin verildiyi dövrdəki fəaliyyətlərini yaxşı-yaxşı xatırlamalıdırlar.

Mənim üçün ən əsası odur ki, təklif edilən format üç ölkənin prezidenti tərəfindən bəyənilib. Və sözsüz ki, ilk növbədə Azərbaycan prezidentinin rəyi əsasdır. Ermənistan və Rusiya prezidentləri də vətəndaş cəmiyyəti səviyyəsində mövqelərin yaxınlaşmasına kömək edən formatı dəstəkləyirlər. Bax bu, hər şeyi əhatə edən siyasi razılaşmadan sonra insanlara bir-birinin yanında yaşamağa kömək edə bilər. Biz heç bir halda hansısa istisnaya iddia etmirik.

Əksinə, bizdən əlavə jurnalistlərin, deputatların, politoloqların və biznesmenlərin səfərini vacib hesab edirəm. Bu zaman hər dəfə qrupun tərkibində səfirlərin olması vacib deyil. Hələlik biz bir yerdə getməyə məcburuq. Çünki səfərlər çox çətindir.

Əvvəlcə təmas xəttinə çataraq oranı minalardan təmizləmək lazımdır. Oradan isə təxminən 3 saata Xankəndinə çatmaq, sonra vertolyotla və ya 5-6 saat vaxt sərf edərək maşınla Laçın dəhlizindən keçərək İrəvana getmək lazımdır. Sonra oradan Bakıya uçmaq olar. Bu zaman xüsusi icazə vacibdir. Çünki ölkələrimiz arasında hava əlaqəsi yoxdur. Eləcə də, tərəflər arasında nümayəndə heyətlərinin tərkibləri razılaşdırılmalıdır. Bütün bunlar bütün detalların nəzərə alınması ilə ciddi təşkilati məsələlərdir.

– Bəs hansı səbəbdən səfərin hazırlanması detektiv kimi hazırlanırdı. Prosesi daha şəffaf etmək mümkün deyildi…

– Şəffaflıq məsələsi bu gün gündəmdə deyil. Çünki belə səfərlərin olmasını istəməyən qüvvələr var. Bizim regionumuzda sülhün bərqərar olmasında maraqlı olmayan üçüncü dövlətlər də mövcuddur.

Söhbət insanların həyatından gedir. Azərbaycanda vertolyot faciəsi kimi kədərli təcrübə var. Bizim nəslimiz bir vertolyotda Tofiq İsmayılovla bir yerdə xeyli gözəl insanın həlak olduğunu yaxşı xatırlayır. O cümlədən, Şuşanın o zamankı birinci katibi Vaqif Cəfərov, Azərbaycan elitasının o zamankı digər parlaq fiqurları. Bağışlayın, amma biz həyatımızı riskə atırıq. Təmas xəttində hər iki tərəfdən snayperlər durub, vibrasiya minaları var. Biz cəbhə xəttini ATƏT nümayəndələrinin nəzarəti altında keçirik.

ATƏT əməkdaşları ağ bayraq, zirehli jilet və dəbilqələrlə bizim keçidimizi təmin edirlər. Əgər bu, kiməsə film çəkilişi kimi görünürsə, o səhv edir – orada real olaraq qan tökülə bilər. Amma etiraf edim ki, proses zamanı bizim heç birimiz bu barədə düşünmürük.

Bax buna görə də səfərin vaxtı və detalları gizli saxlanılır. Yəni, gizlilik mümkün provokasiyaların istisna edilməsi üçün məcburi təhlükəsizlik tədbiridir…

Mənə Azərbaycanın bir çox tanınmış xadimləri müraciət edərək onları prosesə qoşmağı xahiş ediblər. Yəni, əsl vətənpərvərlər bizim səfərlərimizi başa düşürlər və dəstəkləyirlər.

Bu gün başqa yol yoxdur! Bunu Yuqoslaviyadakı hadisələr və bir qədər əvvəl Gürcüstandakı müharibə də göstərdi. Biz kiçik ölkəyik, dünyada və bizim regionumuzun ətrafında baş verən prosesləri düzgün anlamaq və qiymətləndirmək lazımdır.

Mənə elə gəlir ki, belə imkan yaranıbsa, vətəndaş cəmiyyəti bu prosesə bütün aktivliyi ilə qoşulmalıdır. Əgər biz barışıq yolu ilə gediriksə, hesab edirəm ki, erməni və azərbaycanlı jurnalistlər bir-birinə kin təbliğatından imtina etməlidirlər. Biz bir yerdə yaşamağa məhkumuq…