çörekTaxıl mafiyası xalqı ac qoymaq istəyir
İqtisadçı-ekspertlər: «Bunun heç bir məntiqi əsası yoxdur, baş verənlər xaos və özbaşınalıqdır!»

Son günlər respublikanın bir sıra bölgələrində çörəyin qiymətinin bahalaşdığı haqda xəbərlər artmaqdadır. İlin əvvəlində 20 qəpiyə düşən çörəyin qiyməti hazırda 25-30 qəpik arasında dəyişir. Çörəkbişirmə sexləri yaranmış vəziyyəti xərclərinin artması ilə izah edirlər. Qiymətlərin bundan sonra da bahalaşacağı istisna olunmur. Diqqəti çəkən isə prosesin taxılın dünya bazar qiymətinin kəskin ucuzlaşdığı ərəfədə baş verməsidir.
Belə ki, son bir neçə gündə taxılın qiyməti 10-12 faiz aşağı düşüb. İndi birjalarda taxılın kiloqramı 12 sentə satılır. Azərbaycanda isə fermerlərdən taxıl ən yaxşı halda 7-8, hətta 6 qəpiyə alınır. Bu şəraitdə çörəyin qiymətinin qaldırılmasına hansı amillərin təsir göstərdiyini araşdırmağı qərara aldıq.
Çörəkbişirmə sexlərindən qəzetimizə bildirildi ki, çörəyin maya dəyəri artdığından onlar da qiyməti qaldırmaq məcburiyyətində qalıblar: «Bahalaşma unun topdansatış qiymətinin qalxması ilə əlaqədardır. Yerli unu əvvəlki qiymətə almırıq».
«Karat» un dəyirmanından isə deyildi ki, taxılın qiyməti xeyli düşüb: «Əvvəlki ilə müqayisədə qiymətlər ucuzlaşıb. Taxılın tonunu 150-160 manata alırıq». O da məlum oldu ki, dəyirmanda əsasən yerli məhsuldan istifadə olunur. Çünki keyfiyyət baxımından yerli taxıl daha münasibdir.
Topdansatış mərkəzlərindən də unun qiymətində heç bir dəyişiklik baş vermədiyi deyildi. Maraqlıdır, bəs çörəyin qiymətinin qaldırılmasını nə şərtləndirib?
İqtisadçı-ekspert Rövşən Ağayev taxılın, buğdanın qiymətinin kəskin ucuzlaşdığı zamanda çörəyin bahalaşmasını absurd hesab edir: «Çörəyin qiyməti düşməli olduğu halda bahalaşırsa, bunun bir adı var: sistemsizlik, xaos, özbaşınalıq. Dəyirmanlar etiraf edirlər ki, taxılı baha almırlar. Sonuncu instansiya kimi çörəkbişirmə sexləri qalır. Belə çıxır ki, bütün oyunlar çörəkbişirmə sexlərində gedir. Bahalaşma əvvəl rayonlarda başladı, sonra Bakıda da hiss edildi. Bu, əslində onu göstərir ki, burada mərkəzləşmiş oyun qaydası var. Başqa tərəfdən, çörəkbişirmə sahəsində müəyyən qədər rəqabətin olduğu və sexlərin ayrı-ayrı sahibkarlara məxsus olduğu deyilir. Ola bilər sexlər müəssisə etibarilə ayrı-ayrı şəxslərə məxsusdur. Amma belə çıxır ki, burada oyun qaydaları konkret dairədən diqtə olunur. Artıq bu dairəni tapmaq lazımdır ki, taxılın qiymətinin kəskin düşdüyü halda çörəyin bahalaşması nə ilə bağlıdır».
R.Ağayev prosesin məntiqi baxımdan heç bir izahının olmadığını söyləyir: «İqtisadi məsələ olsa da artıq iqtisadçılar bu məsələyə məntiqi don geyindirə bilmirlər».
«Fermerlərlə bağlı yaşanan problemlər çörəyin qiymətinin qalxmasına səbəb ola bilərmi» sualına cavab verən iqtisadçı bunları dedi: «Tutaq ki, fermerlər təklif olunan qiymətlə razılaşmırlar və etiraz əlaməti olaraq məhsulu bazara çıxarmırlar. Belə halda taxılın, buğdanın qiymətində artım baş verərsə və çörəyin qiymətinə təsir göstərərsə, bu, məntiqi görünə bilər. İndiki situasiyada, yəni fermerlərə pis münasibətin davam etməsinə baxmayaraq, buğdanın qiymətində artım müşahidə olunmur. Rayonlardan gələn məlumatlara görə, taxılın qiyməti 10-12 qəpikdir. Biçinə qədərki qiymətdən ən azı 2 dəfə, bu ilin yazındakı qiymətdən isə 3-4 dəfə ucuzdur. Belə ucuzluq şəraitində çörəyin bahalaşmasının xammal bazarı ilə əlaqəsini axtarmaq lazım deyil».
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev də bildirir ki, son zamanlar yerli məhsullar bazara çıxarılır və çox ucuz qiymətə satılır. O baxımdan çörəyin qiymətinin qalxması kimlərinsə sui-istifadəsinin nəticəsidir.
Bu arada çörəyin bahalaşması qazın qiymətinin qaldırılması ilə izah edilir. Lakin digər istehlakçı qruplar üzrə qazdan istifadə tarifləri dəyişmədiyindən başqa məsələlər ortaya çıxır. Belə ki, əldə etdiyimiz bilgilərə görə, əhalinin adına silinən qaz çörəkbişirmə sexlərinə və digər müəssisələrə satılırdı. Məsələn, «Azəriqaz» rəhbərliyi ötən il əhaliyə qazın verilişi zamanı kəmərlərdə itkilərin 33 faiz artdığını və bunun yarım milyard kubmetr təşkil etdiyini deyir. İstisna deyil ki, qurum müəyyən məsələləri ört-basdır etmək məqsədilə bu rəqəmi elan edib. İtkiyə getdiyi iddia olunan qaz digər istehlakçı qrupuna aid hüquqi şəxslərə satılıb. «Azəriqaz» QSC-nin Neft Şirkətinə Birləşdirilməsindən və bu sahədə nəzarət gücləndirilməsindən sonra belə maxinasiyaların tətbiqi çətinləşib. Nəticədə çörəkbişirmə sexləri qazı Tarif Şurasının təsdiqlədiyi qiymətə almağa başlayıblar. İstehsalın dəyəri artdığından bu, çörəyin qiymətinə təsir göstərib.
Nəzərə çatdıraq ki, çörəyin qiymətinin qalxması ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyinin də mövqeyini öyrəndik. Nazirlikdən bildirildi ki, qurumun müvafiq xidməti tərəfindən çörəyin qiymətində artıma doğru hər hansı dəyişiklik qeydə alınmayıb.
Dünən günün sonunda məlumat aldıq ki, Bakının bəzi rayonlarında da çörəyin qiymətində artım olub.
Mövzuya qayıdacağıq.
Leyla ƏLİYEVA