ast TelmanTelman İsmayılov təntənəli 50 illik yubileyinin fəsadlarını yaşayır

«AST» Şirkətlər Qrupunun rəhbəri, əslən Azərbaycandan olan Telman İsmayılovun Rusiyada sıxışdırılmasının səbəbləri barədə indiyədək xeyli versiyalar səsləndirilib. Səslənən versiyalar məhz T.İsmayılovun kapitalını Türkiyəyə yönəltməsi ilə əlaqələndirilirdi. Lakin həmyerlimizə qarşı Rusiyada başlanan kampaniyanın kökündə başqa amillərin dayanması haqda yeni informasiyalar əldə etmişik. Rusiya ilə sıcaq əlaqələri olan bir şəxsin deməsinə görə, T.İsmayılovun başına gələnlərin kökündə şəxsi münasibətlər zəmnində yaranan problemlər dayanır. Mənbə «AST Telman»ın vurulmasının səbəbi barədə iki versiya irəli sürdü.
Birinci versiya: Mənbəmizin deməsinə görə, dünyaca məşhur iş adamı bir neçə il öncə təntənəli şəkildə qeyd etdiyi 50 illik yubileyinə çağırdığı nüfuzlu şəxslərdən biri ilə «söz duelinə» çıxıb. Belə ki, T.İsmayılov ad gününə çağırdığı mötəbər şəxsləri məclisə ailəvi şəkildə dəvət edib. Və dəvətlilər də yubileyə ailələri ilə qatılıblar. Lakin məclisin gedişində onun diqqətini çox məşhur və əslən azərbaycanlı olan bir iş adamının tədbirə ailəvi şəkildə deyil, mühafizəçiləri ilə gəlməsi cəlb edib. Bundan pərt olan məclis sahibi həmin şəxsə yaxınlaşaraq «bizim tədbirə ailəvi qatılmağı özünüzə sığışdırmadınız? Bizdən ehtiyatlanırdınız deyə mühafizəçi ilə gəldiniz?» deyə yarıciddi, yarızarafat replika atıb. Qarşı tərəf isə bundan sonra məclisi tərk edib. Rusiya iqtidarı ilə çox yaxşı əlaqələri olan həmyerlimizə T.İsmayılovun bu hərəkəti xoş gəlmədiyi üçün onun sıxışdırılması üçün kampaniya aparıb. Bundan duyuq düşən İsmayılov isə təhlükənin ciddi ola biləcəyini anlayaraq Türkiyədə biznes qurmaqla sığortalanmağa çalışıb. Lakin qarşı tərəf müəyyən mənada məqsədlərinə çatıb. Hələlik onun «Çerkizov» bazarını bağlayıblar. Bundan sonra nələrin baş verəcəyini proqnozlaşdırmaq çətin məsələdir. Yeri gəlmişkən, bəzi mətbuat orqanları artıq T.İsmayılovun «Çerkizov» bazarında baş verənlərə münasibət bildirdiyini yazıblar. Qəzetlərin yazdığına görə, T.İsmayılov ona qarşı ittihamlara cavab olaraq Rusiya hökumətinə xatırladıb ki, onun icarəyə verdiyi «Çerkizov» bazarında Rusiya xüsusi xidmət orqanlarının qaçaqmal satdırmaları haqda xeyli öncədən rəsmi qurumlara məlumat veribmiş. Görünür, T.İsmayılov onun icarəyə verdiyi bazarda baş verənlərdə heç bir məsuliyyət daşımadığını diqqətə çatdırmaq istəyib…
İkinci versiya yenə də T.İsmayılovun 50 illik yubileyi ilə bağlıdır. Mənbəmizin dediyinə görə, T.İsmaylovun bacarıqlı bir aşpazı olub. Bir neçə il öncə Rusiyanın hazırkı baş naziri, eks-prezident Vladimir Putin (həmin vaxt o, prezident olub) özünə bacarıqlı bir aşpaz axtarırımış. Bu barədə xəbər tutan T.İsmayılov şəxsi aşpazını Rusiya prezidentinə qulluq etməyə göndərir. Onu yoxlayırlar, sınaqdan uğurla keçir və Putinin şəxsi aşpazı olur. Bir müddət sonra T.İsmayılov özünə təntənəli yubiley keçirərkən məclisə keçmiş aşpazını da dəvət edir. Aşpaz ona bildirir ki, məclisə qatılmaq üçün Putindən icazə almaq niyyətindədir. Bu zaman T.İsmayılov ona «deməyə ehtiyac yoxdur, mən çağırıram, gəl iştirak et» deyib. Bir müddət sonra bu söhbət Putinə çatıb və bu cür «yekəxanalığına» görə T.İsmayılova kini yaranıb və indi ondan qisas alır.
Mənbənin deməsinə görə, bu şəxslər bir-birilərindən xəbərsiz kampaniya şəkildə kampaniya aparıblar. Nəticədə T.İsmayılov iki istiqamətdən gələn təzyiqlərə tab gətirə bilməyib.
Hər halda, bunlar Rusiyada çalışan və az-çox məlumatlara malik şəxsin söylədiyi versiyalardır və məntiqli olduğu üçün inandırıcı görünməyə bilmir.
Maqsud MAHRIZLI