ilham aliyevRayonlar 5+2 formulu üzrə boşaldılacaq.
Ekspertlər isə Şuşanın adının çəkilmədiyi razılaşmanın önəmli hissəsinin gizli saxlandığı qənaətindədirlər
.

Dağlıq Qarabağ məsələsi yenidən mətbuatın aparıcı mövzularından birinə çevrilib. Xüsusilə də bu ay problemin həlli istiqamətində ciddi addımlar atıla biləcəyi barədə şərhlər, proqnozlar məsələnin aktuallığını çoxaldıb. ABŞ prezidenti Barak Obamanın Moskva səfərində rusiyalı həmkarı ilə müzakirə edəcəyi məsələlər sırasında Qarabağ mövzusunun da adı çəkilir ki, bu da müəyyən ümidlər yaradır. Qeyd edək ki, bu ayın ortalarında Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü baş tutacaq.
Bu arada “Trend” agentliyi iyulun 9-da ATƏT-in Minsk Qrupu həmsədrlərinin Bakıya gələcəyi barədə məlumat yayıb. Amerikalı həmsədr Metyu Brayzanın sözlərinə görə, səfərdə məqsəd prezidentlər İlham Əliyev və Serj Sərkisyanın iyulun ortalarında Moskvada keçirilməsi planlaşdırılan görüşünü təşkil etməkdir.
ABŞ prezidenti ilə Türkiyə prezidenti Abdulla Gül arasında telefon danışığı zamanı Qafqazdakı vəziyyətin müzakirə olunması da diqqətçəkəndir. lent.az-ın xəbərinə görə, Gül həmkarına Türkiyə-Ermənistan münasibətlərindəki son vəziyyət barədə məlumat verib. İki lider ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin həlli istiqamətindəki səyləri barədə də müzakirə aparıb. 

“Məsələyə beynəlxalq normalara uyğun baxmağa hazırıq”

Məhz son gəlişmələrin fonunda dövlət başçısı İlham Əliyevin Qarabağ məsələsi ilə bağlı açıqlamasının təsadüfi olmadığını demək olar. İyulun 4-də ölkə başçısı “Rossiya” kanalının “Vesti v subbotu” proqramına müsahibəsində Dağlıq Qarabağ probleminin sülhlə həllinə yönəlik danışıqlar haqda yeni açıqlama verib. ANS-in məlumatına görə, dövlət başçısı bildirib ki, sülh sazişi imzalandıqdan sonra birinci mərhələdə 5 rayondan, saziş imzalandıqdan 5 il sonra isə Kəlbəcər və Laçından erməni qoşunlarının çıxarılması təklif olunur: “Hesab edirik ki, bu, kompromis müddətdir. Biz Dağlıq Qarabağda yaşayanların narahatlığını anlayırıq. Onlar başa düşürlər ki, Qarabağ coğrafi baxımdan Ermənistandan yenidən ayrıla bilər. Çünki Dağlıq Qarabağın Ermənistanla heç vaxt əlaqəsi olmayıb. Ona görə də konstruktivlik göstərməyə və məsələyə beynəlxalq normalara uyğun baxmağa hazırıq. Dağlıq Qarabağın statusuna gəldikdə, bu, gələcəyin məsələsidir. Bu gün bizim müzakirə və qəbul etdiyimiz təkliflər arasında statusun müəyyən edilməsi yoxdur. Əlbəttə, Dağlıq Qarabağın müstəqil ölkə kimi fəaliyyətini görmürük. Azərbaycan buna heç vaxt razı olmayacaq. Hesab edirik ki, Ermənistan bunu başa düşür. Biz bu gün münaqişənin nəticəsini aradan qaldırmalıyıq və işğala son qoymalıyıq. Oradakı bütün millətlərin təhlükəsizliyi təmin edilməli, bundan sonra kommunikasiyalar açılmalıdır. Başa düşürük ki, Dağlıq Qarabağın hansısa statusu olmalıdır və bunu yalnız Azərbaycanın tərkibində görürük”. Ölkə başçısının “konstruktivlik göstərməyə hazırıq” sözləri ermənilərə dəhliz kimi müəyyən ərazilərin güzəşt edilməsi kimi də yozula bilər. Hər halda, prezidentin açıqlaması, ümumiyyətlə, Qarabağ məsələsi ətrafında cərəyan edən hadisələr siyasilər və ekspertlər tərəfindən fərqli qarşılanır.
“Biz haqqında söhbət gedən razılaşmanın mətnini oxumamışıq, orada tam olaraq nədən söhbət getdiyini bilmirik. İlham Əliyev danışıqlarla bağlı bu cür məlumat verdi. Sabah Ermənistanın dövlət başçısı bu barədə danışsa, görəcəksiniz ki, o, tamam fərqli yanaşma nümayiş etdirir, tamam başqa sözlər deyir. Bəlkə separatçıların lideri də başqa şərh verər. Bu baxımdan mən sadəcə deyilənlərə əsasən belə ciddi məsələyə münasibət bildirməyi doğru saymıram”.
Müsavat Partiyasının başqanı İsa Qəmbər dövlət başçısının münaqişənin həlli istiqamətində aparılan danışıqların detalları ilə bağlı açıqlamasını “Media forum”a dəyərləndirərkən belə deyib. “Hesab etsək ki, İlham Əliyevin dedikləri doğrudur, bu anlaşma məqbul sayıla bilərmi” sualına cavabında isə Müsavat başqanı qeyd edib ki, danışıqlar prosesində müəyyən nəticələrə gəlinməsi, mübahisəli məsələlərin həllində çərçivə sazişində əks olunacaq anlaşmaya yaxınlaşılması normal sayıla bilər: “Amma mən məsələlərə tam informasiya əsasında münasibət bildirmək tərəfdarıyam”.

“Obama ilə Medvedyev nə qərar versə, o olacaq”

Politoloq Vəfa Quluzadə hesab edir ki, Qarabağ məsələsinin həlli yalnız böyük dövlətlərin, ABŞ və Rusiyanın sevdasından asılıdır: “Obama ilə Medvedyev nə qərara gəlsə, o olacaq. İndi görək Amerika və Rusiya prezidentlərinin görüşü necə yekunlaşacaq. Görüş uğurlu alınsa, demək, həll mərhələsinə yaxınlaşmışıq. Mən əvvəl də demişdim ki, Dağlıq Qarabağ artıq Azərbaycan-Ermənistan məsələsi yox, Amerika- Rusiya məsələsidir. Hazırda Rusiya böhran vəziyyətindədir və onu bu böhrandan çıxara bilən, ona yardım əli uzadacaq yeganə güc Amerika ola bilər”.
Bəs Ermənistanın torpaqları mərhələli qaydada azad etməsi barədə öhdəliyinə inanmaq olarmı? V.Quluzadə: “Rusiya nə əmr etsə, ermənilər onu edəcəklər. Amerikaya regionda təhlükəsizlik lazımdır. Çünki Vaşinqton ciddi şəkildə regiona girişib. Gələcəkdə Azərbaycanın NATO-ya qəbul olunmasına Rusiya ”hə” deməlidir ki, Amerika Rusiyaya kömək etsin. Ona görə də fikrimcə, Rusiya güzəştə gedəcək. Mən həmişə deyirdim ki, Dağlıq Qarabağ Amerikanın prioriteti olsa, məsələ həll olunacaq. Görünür, artıq Qarabağ məsələsi Amerika üçün prioritetdir. Dağlıq Qarabağ düyünü Amerikanın regiondakı maraqlarına böyük təhlükə idi. Amma artıq ABŞ bu məsələyə ciddi surətdə girişib. Rusiya da Amerikanı hədələmək iqtidarında deyil. Ona görə Rusiya Ermənistana işarə edə bilər ki, birinci mərhələdə 5 rayonu boşaltsın. Məncə, Azərbaycan torpaqları azad olunacaq və əvəzində Dağlıq Qarabağ yüksək status alacaq. Çünki artıq həll vaxtı yetişib”.

“Dövlət başçısının açıqlamasında nəsə çatışmır”

Yuxarıdakı fikri “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu söyləyib. Onun fikrincə, əslində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Kəlbəcər və Laçın məsələsi ümumiyyətlə yoxdur: “Məsələ belə qoyulur ki, Ermənistan 5 rayonu azad edir, məcburi köçkünlər geri qayıdır, Azərbaycan isə 10 il sonra Dağlıq Qarabağda referendumun keçirilməsinə razılaşır. Görünür, İlham Əliyev həmin referendumu nəzərdə tutur, sadəcə, bunu demək istəmir”. Onun fikrincə, əks halda, ermənilər bu razılaşmanı qəbul etməz. “Əgər hesab etsək ki, İlham Əliyevin dediyi doğrudur, Ermənistanın bununla razılaşması nə dərəcədə məntiqli görünür?” Ə.Oruclu hesab edir ki, içərisində referendum şərti olan istənilən razılaşma Azərbaycanın mənafelərinə ziddir: “Bu referendum, əvvəla, Azərbaycanın konstitusion suverenliyinə ziddir, ikincisi, Dağlıq Qarabağın itirilməsinə razılaşmaq deməkdir, üçüncüsü, presedent yarada bilər. Ona görə də Azərbaycan belə sülhə razılaşmamalıdır. Məsələnin həlli Azərbaycanın ərazi bütövlüyündən keçir”. “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri sülh danışıqlarının nominal ərazi bütövlüyünə yönəldiyini deyir: “Dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını deyirlər, amma hansı prizmadan tanıyırlar? Dağlıq Qarabağdakı separatçı rejim 1988-ci ildə Azərbaycanın tərkibindən çıxmaq qərarı qəbul edib. Azərbaycan isə 1991-ci ildə müstəqillik qazanıb. Bu zaman sual ortaya çıxır – dünya dövlətləri ərazi bütövlüyü deyəndə nəyi nəzərdə tuturlar? Dağlıq Qarabağı Azərbaycanın tərkibində görürlər, yoxsa kənarda? Nadir istisnalarla heç zaman deyilməyib ki, biz Dağlıq Qarabağı Azərbaycanın ərazisi sayırıq”.

“Laçın ermənilərə icarəyə verilə bilər”

Konfliktoloq Arif Yunusa görə, bir tərəfdən prezidentin açıqlamasına, digər tərəfdən ziyalıların Qarabağa səfərinə fikir verəndə yaxın vaxtlarda yeniliyin olacağı qənaəti yaranır: “Amma şəxsən mən prezidentin çıxışında yenilik görmürəm. Burda söhbət iki səhifəlik sənəddən – Madrid prinsiplərindən gedir. Prezident faktiki bu prinsipdən danışıb. Madrid prinsipləri iki yerə bölünür. Birinci ermənilər 5 rayonu boşaldır, qaçqınlar qayıdır, sülhməramlı qüvvələr yerləşdirilir, bərpa işlərinə başlanılır və kommunikasiyalar açılır. İkinci mərhələdə isə Qarabağın statusunun razılaşdırılmasına başlanılır ki, bu da referedumla həll olunur”.
Ekspert 5 rayonun boşaldılmasınadan 5 il sonra daha iki rayonun azad olunacağı haqda açıqlamaya şübhə ilə yanaşdı: “Kəlbəcər və Laçının taleyi referendumdan sonra həll olunacaq. Ermənilər avam, ağılsız deyil. İlham Əliyev bəzi şeyləri bizə demir. Desə, belə suallar ortaya çıxmaz. Elə çıxır ki, ermənilər ağıllarını itiriblər və humanist addım atırlar. Gedin, erməni saytlarını oxuyun. Orda bizdən fəqli olaraq açıq diskussiya gedir. Onlar deyirlər biz ona görə 5 rayonun qaytarılmasına razılaşırıq ki, Azərbaycan Qarabağın müstəqilliyinə razılıq verir. Digər iki rayona gəldikdə, referendumdan sonra ermənilər Kəlbəcəri qaytaracaq, Laçın isə formal olaraq bizimki olacaq. Yəni faktiki ermənilərin nəzarətində qalacaq. Ermənilər deyir dəhliz olmalıdır. Mümkündür ki, Laçın 30-40 illiyə ermənilərə icarəyə verilsin”.

Sülh, yoxsa müharibə yolu?

Maraqlıdır ki, son vaxtlar həm ölkə başçısı, həm də müdafiə naziri səviyyəsində hərb bəyanatları növbəti dəfə dilə gətirilmişdi. Ancaq çox keçmədi ki, kurs dəyişdi və hətta səfir Polad Bülbüloğlunun rəhbərliyi ilə bir qrup nümayəndə heyəti Xankəndi, Şuşa və İrəvana səfər etdi. O zaman sual çıxır, Azərbaycan hakimiyyəti “xalq diplomatiyası”nı seçib, yoxsa hərb variantını?
A.Yunus: “Azərbaycan nə müharibə istəyir, nə xalq diplomatiyasını. Əslində burda xalq diplomatiyası yoxdur. Xalq diplomatiyası açıq və ardıcıl xarakter daşıyır. Burda hər şey gizlidir. Rusiya təklif edəndə Qarabağa səfərə gedirlər. Bütün bu məsələlər təbliğat xarakterli şüarlardır. Xaricdə də deyirlər ki, niyə sizin rəsmilər bura gələndə sülhdən danışır, vətənə gedəndə müharibədən? Onlara deyirəm ki, bu, auditoriyadan asılıdır. Amma mən prezidentin hansısa ciddi sənədə qol çəkəcəyinə inanmıram. Olsa-olsa imzalanan sənəd keçənilki Moskva sənədinə bənzəyəcək”.

YAP-çı deputat isə nikbindir

“Bu variantda Azərbaycanın milli maraqlarına təhlükə yoxdur. Ermənilər indiyə qədər paket variantda israr edirdilər. Əgər bildirilirsə ki, status məsələsi gələcəyin mövzusudur, deməli, mərhələli həll variantı qəbul olunur. Bu da bizim maraqlarımıza zidd deyil. Azərbaycan üçün vacib olan ərazi bütövlüyümüzün təmini, erməni qoşunlarının işğal olunmuş torpaqlarımızdan geri çəkilməsidir”. YAP-çı deputat Aydın Mirzəzadə ölkə başçısının Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqladığı detalları dəyərləndirərkən belə deyib. O bildirib ki, 5 rayonun qaytarılması təxminən 400-600 min azərbaycanlı qaçqının torpaqlarına dönməsi və sosial-iqtisadi problemlərinin həlli deməkdir. YAP-çı deputat ermənilərin əvvəllər Laçın və Kəlbəcərin qaytarılmasından ümumiyyətlə imtina etdiklərini xatırladıb: “Əgər ermənilər 5 il sonra Kəlbəcər və Laçını azad edəcəklərsə, bu da tamam yeni yanaşma və öhdəlikdir. Rusiya istənilən sülh sazişinə qarant olacağını bəyan edib. Əgər Ermənistan bu öhdəliyi götürərsə, buna da müsbət yanaşmaq olar”. Status məsələsinə gəlincə, A.Mirzəzadə deyib ki, ermənilər işğal durumunun onlara xeyir vermədiyinin fərqinə varmaqdadırlar: “Regiondakı böyük layihələrdən, inkişafdan kənarda qalmaq erməniləri düşünməyə məcbur edir. Siyasət nəticə ilə ölçülür. Bu siyasətin nəticəsi Ermənistana uğursuzluq və ziyan verir. Bu baxımndan status məsələsinə də gələcəkdə yenidən baxıla bilər. Hazırda status məsələsi sonrakı mərhələyə saxlanılır, bu variantın Azərbaycana ziyanı yoxdur”.
Elşad PAŞASOY