elçibeyin oğluEks-prezident Əbülfəz Elçibəyin oğlu Ərtoğrul Əliyevin hərbi xidməti başa vurub ailəsinə qayıtması barədə ötən həftə xəbər vermişdik. Qeyd edək ki, Ərtoğrul Daxili Qoşunların Gəncədəki hərbi hissəsində qulluq edib. Ali təhsilli olduğu üçün o, bir il hərbi xidmətdə olub. Ərtoğrul əsgərlikdən qayıtdığı gün bizimlə müsahibəyə nədənsə razı olmamış, qısa açıqlama ilə kifayətlənmişdi. Amma onu öyrənə bilmişdik ki, o, hərbi xidmətdən qayıtdıqdan sonra ilk dəfə atasının məzarını ziyarət edəcək.

Bu səbəbdən də fürsəti əldən verməyib Fəxri Xiyabana yollandıq. Ərtoğrul hərbi geyimdə atasının məzarı önünə keçərək gül dəstəsi qoyduqdan sonra ona bəzi suallarımızı verdik.

– Əsgərlikdə olduğun bir il sənin üçün necə keçdi?

– Yaxşı. Heç bir problem yaranmadı.

– Əsərlikdə Elçibəyin oğlu olmağın sənin xeyrinə oldu, yoxsa əksinə?

– Əlbəttə ki, xeyrimə oldu. Hər kəs mənə hörmətlə yanaşırdı. İstərdim ki, hərbidən qayıdanda atam məni qarşılasın. Amma qismət belə imiş…

– Əsgərlikdə olduğun müddətdə Elçibəyin silahdaşlarından səni ziyarət edənlər olurdumu?

– Adlarını açıqlamaq istəmirəm. Amma belə ziyarətlər tez-tez olurdu.

– Eks-prezidentin statusu haqqında qanun yoxdur deyə Bəyə qarşı bu günün özündə də aqressiv münasibət davam etməkdədir. Bu, sənə necə təsir edir?

– Eks-prezident statusu atamın haqqıdır. Əminəm ki, bu problem tez bir zamanda öz həllini tapacaq.

– Bundan sonrakı planların nədən ibarətdir?

– Hələ hərbidən təzə qayıtmışam. Bu barədə düşünməyə vaxtım olmayıb.

– Bir neçə vaxtı ki, orduda “dedovşina” haqqında çox danışırlar. Sən olduğun hərbi hissədə buna oxşar hallar baş verirdimi?

– Bu haqda məlumatım var. Amma mən xidmət etdiyim hərbi hissədə belə hallarla qarşılaşmadım.

– Hərbidə elə vaxtlar olur ki, əmrə tabe olmayasan?

– Xeyr.

– Silah atmağı bacarırsan?

– Təbii ki, bacarıram.
Zülfiyyə SAKİTQIZI / Yeni Müsavat