medved-obamaİki ölkə arasında buzların əriyəcəyinə ümidlər var

Amerika prezidenti Barak Obama Moskvaya gəlir. O bu gün Rusiya Prezidenti Dmitri Medvedyevlə görüşəcək.
Azərbaycan Xəbərləri“-nin  BBC-yə istinadən verdiyi xəbərə görə, Rusiya lideri bu görüşün nəticələrinin uğurlu olacağı barədə nikbin fikirlər səsləndirib.
Cənab Obama Amerika Prezidenti kimi fəaliyyətə başlayandan bəri ilk dəfədir ki, Moskvaya səfər edir.
Son illərdə pisləşərək soyuq müharibə dövründə mövcud olan münasibətlər səviyyəsinə çatmış Rusiya-Amerika əlaqələrinin bu görüşdə yaxşılaşağına ümidlər var.

BBC-nin Moskva müxbiri Riçard Qalpin xəbər verir ki, bu heç də asan bir sammit olmayacaq.

Rusiya hökuməti Amerikanın xarici siyasətinə inamsızdır. Ona görə də, Prezident Obama növbəti iki gün ərzində görüşlərini Moskvanı inandırmağa və münasibətləri müsbət istiqamətə yönəltməyə həsr edəcək, deyə müxbir xəbər verir.

Bütün bunların mərkəzində yeni silahlara nəzarət razılaşması ilə bağlı əhəmiyyətli irəliləyişə ümidlər durur.

Hər iki ölkənin hələ də sahib olduğu nüvə arsenalının ləğvinə ümidlər bəslənilir.

Amma Moskva Vaşinqtondan tələb edir ki, ilk növbədə Şərqi Avropada raketdən müdafiə sistemi yaratmaq planlarından əl çəksin.

Bu əsas maneədir və silahlara nəzarətə dair nə dərəcədə real irəliləyiş əldə ediləcəyi məlum deyil.

Daha çox Əfqanıstanla bağlı əməkdaşlığın inkişafına dair nikbinlik var.

Müxbirin verdiyi xəbərə görə, çox güman ki, prezidentlər Əfqanıstana daşınan Amerika hərbi sursatının Rusiya ərazisindən keçməsinə icazə verən razılaşmaya qol çəkəcəklər.

Bu, Pakistandan keçən və hazırda hücum altında olan yola alternativ bir marşrutdur.