masqaŞirkət rəhbərinin seyfi oğurlandı

Binəqədi rayonunda yerləşən “Parlaq” tikinti şirkətinə basqın edilib. Hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, iyulun 4-dən 5-nə keçən gecə saat 03:00 radələrində üç naməlum şəxs Dağlıq küçəsində yerləşən “Parlaq” tikinti şirkətinin ofisinə silahlı basqın ediblər. Basqınçılar şirkətin gözətçisi, 1938-ci il təvəllüdlü Sadıq Məmmədovu döyəndən sonra ona bıçaqla xəsarət də yetiriblər. Sonra S.Məmmədovun əllərini bağlayaraq ofisdə axtarışa başlayıblar. Naməlum şəxslər ofisdən yalnız şirkətin rəhbəri Nazim Həsənova məxsus seyfi götürərək hadisə yerindən qaçıblar. Hadisə haqda polis əməkdaşlarına məlumat daxil olan kimi onlar dərhal hadisə yerinə gələrək ilkin araşdırmaya başlayıblar.

Oğurlanan seyfin içində külli miqdarda pul olduğu deyilir.
Hazırda polis əməkdaşları hadisəni törədən şəxslərin müəyyən edilib yaxalanması üçün operativ əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. Binəqədi Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.