nabucco“Nabukko” sazişi iyulun 13-də türkiyədə imzalanır
 
Türkiyə Avropa Komissiyasını iyulun 13-də “Nabukko” qaz kəməri layihəsi üzrə hökumətlərarası sazişin imzalanmasına dəvət edib.
BBC-nin yaydığı xəbərə görə, saziş Ankarada imzalanmalıdır. Avropa Komissiyasının enerji siyasəti üzrə sözçüsü Ferran Tarradellas Espuni təsdiq edib ki, “komissiya imzalanma mərasiminə dəvət alıb.”
“Saziş müvafiq üzv dövlətlər tərəfindən razılaşdırılıb. Bu, “Nabukko” kəmərinin keçəcəyi ölkələrdir. Razılıq həmrəylik, bərabərlik və qarşılıqlı əməkdaşlıq prinsiplərinə söykənir.”

İmzalanma ildə 31 milyard kub metr həcmində Xəzər və Mərkəzi Asiya qazının Türkiyədən keçərək Avstriyaya çatdırmalı olan və 3300 kilometr uzunluğa malik “Nabukko” kəmərinin reallaşdırılmasında son dərəcə mühüm rol oynaya bilər.

Təhlilçilər deyirlər ki, həftə ərzində Rusiya və Azərbaycan arasında qaz sazişinin imzalanması, Avropa ölkələrində “Nabukko”nun taleyindən narahatlıq yaradıb. Beləki, Azərbaycan qaz kəməri üçün tələb olunan həcmin 25 faizini təmin etməlidir.

Avropanın rus qazından asılılığını azaltmağa yönəlmiş qaz kəməri layihəsi 2014-cü ildən başlayaraq, Xəzər və Yaxın Şərq qazını Avropaya çatdırmalıdır.

Qaz kəməri layihəsinin razılaşdırıması qarşısında əsas maneələrdən biri Türkiyənin kəmərlə nəql olunacaq 31 milyard kubmetr qazın 15 faizini daxili istehlak və re-eksport üçün tələb etməsi idi.

Mənbələr bu məsələnin həll olunub-olunmadığı barədə məlumat verməyiblər.

Rumıniyanın iqtisadiyyat naziri “Röyters”ə söyləyib ki, bu məsələ həll edilib, lakin təfərrüatlara malik olmadığını vurğulayıb.

Sazişi Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya imzalamalıdırlar.