imtahanBu gün 2009-2010-cu tədris ili üçün ali məktəblərə və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir.

APA-nın məlumatına görə, imtahanın keçirilməsi üçün Bakı şəhərində 49, Sumqayıt şəhərində 6, Naxçıvan şəhərində 3 bina ayrılıb.

Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən 2430 nəzarətçi-müəllimin iştirak etdiyi imtahana 242 imtahan rəhbəri cəlb olunub.

Bu il III qrup üzrə 35772 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 32535 nəfəri Azərbaycan bölməsinin, 3237 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 9220 nəfərini oğlanlar, 26552 nəfərini isə qızlar təşkil edir. 19572 nəfər orta məktəblərin builki məzunu, 15700 nəfər isə əvvəlki illərin məzunudur. Ən yaşlı abituriyent 1956-cı, ən gənc isə 1994-cü il təvəllüdlüdür.

Bakı şəhərində 29829 abituriyent, Naxçıvanda 1904 abituriyent, Sumqayıtda isə 4039 abituriyent imtahan verir. Bu ixtisas qrupunda 9526 plan yeri ayrılıb.

İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən III ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq, saat 19.30-da «Space» telekanalının canlı efirində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları barədə məlumat və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək.

III ixtisas qrupu üzrə qəbul imtahanı başa çatdıqdan dərhal sonra cavab kartlarının emalına başlanacaq və test imtahanının nəticələri qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə biləcəklər.

III ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 10-dan 17-dək qabiliyyət imtahanı verməlidir. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizəsində müvafiq ixtisasın kodunu göstərə bilər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlərin isə III ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etməsinə icazə verilir.