Daniel-MonkO, təxminən 1 il əvvəl ölsə də, xəbər hələ indi yayılıb

İraqda türk əsgərlərinin başına çuval keçirən ABŞ hərbçisi ölüb. Lent.az-ın xəbərinə görə, bu barədə Türkiyənin “Hürriyət” qəzeti məlumat yayıb.

ABŞ-ın 173-cü Hava Hücumu Alayının komandiri olan bu şəxs bir neçə ay öncə ölsə də, bu barədə xəbər indi ortaya çıxıb.
Məşhur çuval olayı 2003-cü il iyulun 4-də Şimali İraqın Süleymaniyə bölgəsində baş vermişdi. Türk xüsusi təyinatlı əsgərlərinin olduğu büroya Amerika ordusunun əsgərləri basqın etmişdi. 11 nəfər türk əsgər Kərkükün Kürd valisinə sui-qəsd hazırlamaqda günahlandırılmış, nəticədə başlarına çuval keçirilərək Kərkükə aparılmış, nəticədə Ankara-Vaşinqton münasibətlərində gərginlik yaranmışdı.

Türk əsgərlərin olduğu qərargaha da birinci məhz indi ölüm xəbəri gələn Daniel Monk girib. Onun keçən il sentyabrın 10-da anasının ABŞ-ın Corciya ştatının Dulut bölgəsindəki evində öldüyü məlum olub. Gecə yarısı mətbəxdə huşunu itirərək yerə yıxılan Monkun cəsədini səhər açılarkən anası tapıb.

Monk 29 yaşının tamam olmasına 1 gün qalmış ölüb. Onun qardaşı Endi Monk da hərbçi imiş. Endi qardaşı haqqında məlumat verərkən Quzey İraqdan sonra Qətərin paytaxtı Dohada çalışdığını deyib. Endi Monk qardaşının ölümündən sonra otağında ingilis yazıçı Mayk Toddun “Çuval” kitabını və “Hürriyət” qəzetinin 19 dekabr 2006-cı il tarixli sayını tapdığını da açıqlayıb. Həmin sayda Monkun Türkiyədə uzun müddət müzakirə və mübahisələrə səbəb olan açıqlamaları olub…

P.S. Sağdakı Daniel Monkun bir neçə il əvvəlki, soldakı isə sonuncu şəklidir.