Cerkizov-bazarıİflasa uğrayan biznesmenlər son çıxış yolunu ölümdə görürlər

Moskvada həmyerlimiz Telman İsmayılova məxsus Çerkizov bazarının bağlanması və 2 milyard dollarlıq qaçaqmal tutulması səbəbindən on minlərlə çinli ticarətçi iflasa uğrayıb. “Azərbaycan Xəbərləri“-nin “Praym-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Global Times” qəzetinə müsahibəsində Çjetsyan əyalətinin sakinləri Assosiasiyasının prezidenti Ni Tszisyan bildirib.

Ni faktiki itkilərin 2 milyard dolları da keçdiyini vurğulayıb: “Bazarda hər birinin içində 05,-1 milyon dollarlıq mal olan 6 min konteyner var. Bir çoxları artıq tam iflasa uğrayıb. Bəziləri hətta intihar edib. Çerkizov bazarındakı bizneslə ən azı 70-80 min çinli bağlıdır”.

Xatırladaq ki, Telman İsmayılovun Türkiyədə biznes qurması barədə məlumat yayıldıqdan sonra Çerkizov bazarında vəziyyət gərginləşməyə başlayıb. İyunun əvvəlində bazarda qaçaqmalçılıq yolu ilə gətirildiyi iddia edilən 2 milyard dollarlıq mal tutulub. İyunun 29-da isə sanitariya vəziyyətinin bərbad olduğu iddiası ilə bazar müvəqqəti bağlanılıb.

Moskva istehlak malları Departamentinin rəhbəri Vladimir Malışkov iyulun 1-də bəyanatla çıxış edərək təmizlik işlərindən sonra bazarın yenidən açılacağını vurğulayıb. Onun sözlərinə görə, Çerkizov bazarı bu həftənin sonuna kimi açıla bilər. Amma yenə də müvəqqəti. Moskva hökuməti ilin sonuna qədər bazarı ümumiyyətlə ləğv etməyi planlaşdırır.