qaz“Qazprom” min kubmetrə 350 dollar ödəyəcək; məqsəd rəqibləri sıradan çıxarmaqdır

Rusiyanın “Qazprom” şirkəti Azərbaycandan gələn ilin yanvarından etibarən alacağı qaza görə rekord qiymət ödəyəcək. Bu barədə prezident Dmitri Medvedyevin Bakıya səfəri zamanı Rusiya nümayəndə heyətinin tərkibinə daxil olan “Kommersant” qəzetinin əməkdaşına məlum olub. Qəzetin yazdığına görə, “Qazprom” Azərbaycandan alınacaq qazın min kubmetrinə görə 350 dollar ödəyəcək.
Müqayisə üçün deyək ki, Azərbaycan qazının alıcılarından Gürcüstan hazırda min kubmetrə görə 180 dollar, Türkiyə isə 120 dollar ödəyir. Türkiyə ilə hazırda qiymətin artırılması haqda danışıqlar gedir, ancaq bu danışıqlar zamanı “Botaş” şirkəti min kubmetrə görə ən çoxu 200 dollar təklif edir. Xəbər verildiyi kimi, Medvedyevin Bakıya qısamüddətli səfəri zamanı Azərbaycanla Rusiya arasında qaz  alqı-satqısına dair müqavilə imzalanıb. Bu müqaviləyə əsasən “Qazprom” gələn ildən Azərbaycandan 500 milyon kubmetr qaz alacaq. “Qazprom” rəhbəri Aleksey Miller məlumat verib ki, Azərbaycandan alınan qaz Dağıstanın tələbatına yönəldiləcək, nəticədə Avropaya nəql etmək üçün əlavə 500 milyon kubmetr qaz yaranacaq. Bununla belə, Miller qazın qiymətini açıqlamayaraq onun Azərbaycan tərəfi üçün kommersiya baxımından faydalı olduğunu bildirmişdi.
Rusiya mətbuatının yazdığına görə, “Qazprom” Orta Asiya respublikalarından qaz alınması üçün tətbiq edilən sxemi Azərbaycana tətbiq edəcək. Lakin bu sxemdə qazın qiyməti neftin dünya bazarlarındakı qiymətlərindən asılı olacaq. Məsələn, əgər neftin qiyməti gələn il indiki kimi qalarsa o zaman 2010-cu ilin birinci kvartalında “Qazprom” Azərbaycandan qazı 220-230 dollardan baha almayacaq. Əks halda, Rusiya konserni bu əməliyyatdan ziyana gedərdi. Lakin belə görünür ki, “Qazprom”un Azərbaycandan bu cür minimal həcmdə qaz almaqda məqsədi qazanc götürməkdən daha çox siyasidir. 500 milyon kubmetr “Qazprom” üçün az qala dənizdə damla kimi görünür, lakin Rusiya şirkəti bu müqaviləni bağlamaqla Azərbaycan qazını alternativ marşrutla Avropaya çatdırmaq marağında olanlara nümayiş etdirir ki, ilk müqaviləni bağlayan məhz odur. Özü də kifayət qədər baha qiymətə.
Bakıdakı danışıqlar zamanı qərara alınıb ki, “Qazprom” həm də Azərbaycanın “Şahdəniz-2″ yatağından hasil olunacaq qazın alıcıları arasında yer alsın. Məlum olduğu kimi, ”Qazprom” bu yataqdan hasil olunacaq ildə 14-16 milyard kubmetr qazın hamısını almaq təklifini verib. Lakin Rusiya şirkəti nə qədər baha qiymət təklif etsə də, Azərbaycan tərəfi qazın nəqlinin diversifikasiyasına maraq göstərir. İndiki müqavilə isə Azərbaycana həm də siyasi baxımdan sərfəli hesab oluna bilər. Çünki gələcəkdə “Şahdəniz-2″ qazına dair danışıqlarda Azərbaycan göstərə biləcək ki, onun ”Qazprom” kimi kifayət qədər baha qiymət təklif edən müştərisi var. Bu da xüsusən Azərbaycan qazını ucuz alıb sonradan onu Avropaya baha satmaq marağında olan Türkiyə üçün əlverişli situasiya deyil. Bununla belə, Azərbaycanın yanacaq və energetika naziri Natiq Əliyev Bakıdakı danışıqlarda “Şahdəniz-2″-yə dair müzakirələrin aparıldığını təsdiq etməyib. Lakin prezident İlham Əliyevin Medvedyevlə birgə keçirdiyi mətbuat konfransında verdiyi bəyanatdan görünürdü ki, Rusiya prezidenti ”Qazprom” üçün cüzi görünən 500 milyon kubmetrə görə bu istidə Bakıya gəlməyib. Əliyev bildirib ki, Azərbaycan gələcəkdə qaz hasilatını artıraraq ildə 27 milyard kubmetrə çatdıracaq, gələcəkdə isə bu həcm 30 milyard kubmetrə çata bilər: “Ona görə də qaz hasilatı artdıqca biz Rusiyaya daha çox qaz sata biləcəyik” deyə o bildirib. Medvedyev isə gülümsəyərək deyib ki, Azərbaycan qazını onlar heç də Rusiyada qaz çatışmazlığına görə almırlar: “Bizim qazımız çoxdur. Lakin belə razılaşma bizə gələcəyə daha inamla baxmağa imkan verir. Bu, indi hamının danışdığı  enerji təhlükəsizliyinə nümunədir. Ümid edirəm ki, bu günü biz hamımız xatırlayacağıq”.
Anlaşmanı şərh edən “East European Gas Analysis” mərkəzinin direktoru Mixail Korçemkin deyib ki, Azərbaycan qazı Rusiya istehlakçıları üçün olduqca bahadır və onu ancaq reeksporta yönəltmək olardı. Bunun üçün isə “Qazprom” Rusiya qazının ixracını azaltmalıdır. Bu halda isə Rusiya büdcəsi gömrük rüsumları hesabına min kubmetrə görə 65 dollar itirməlidir. “Qazprom” isə 50 dollar qazana bilər. Korçemkin deyib ki, “Qazprom” məqsədyönlü şəkildə bu anlaşma ilə ziyana gedir. “Rusiya şirkətinin məqsədi ”Nabucco” layihəsini tormozlamaqdır. Məsələ ondadır ki, “Qazprom”un “Cənub Axını” alternativ layihəsi var və “Nabucco” ilə rəqib hesab olunur. İndi əsas problem odur ki, “Nabucco”nu qazla təmin edəcək ölkə tapılmayıb”. Ekspertə görə, Orta Asiya respublikaları Çin və Rusiya ilə işləməyi üstün tutur, İranla ticarət imkanları isə məhduddur. Həmçinin bu ilin mayında Qazaxıstan, Türkmənistan və Özbəkistan Praqada “Nabucco” bəyannaməsini imzalamaqdan imtina ediblər. Gözlənilirdi ki, iyunun sonlarında “Nabucco”ya dair hökumətlərarası saziş imzalanacaq. Lakin Türkiyə ilə Azərbaycan və Avropa ölkələri arasında danışıqların çətin getməsi nəticəsində bu mümkün olmayıb və sazişin imzalanması qeyri-muəyyən müddətə təxirə salınıb. Belə bir vaxtda Medvedyev Bakıya blits-turne edərək Azərbaycanla mühüm qaz müqaviləsini imzaladı. Müqavilənin imzalanması ABŞ prezidenti Barak Obamanın Moskvaya səfərindən cəmi bir həftə əvvəl baş verdiyinə görə Kreml həm də Vaşinqtona göstərmək istəyir ki, Xəzər regionunda qaz məsələsində söz sahibi kimdir.