saakBu gün Gürcüstanda parlament binası qarşısında etiraz aksiyası keçirən müxalifət partiyaları prezident Mixail Saakaşviliyə düşünmək üçün 24 saat vaxt veriblər. “Media forum” xəbər verir ki, Gürcüstan müxalifəti aksiyanın sonunda preizdenti ölkədə qanuni yolla hakimiyyət dəyişikliyi qərarı verməyə çağırıb. Çağırış mitinqdə oxunduqdan sonra müxalifət liderləri müraciətə 24 saat ərzində cavab gözlədiklərini bəyan ediblər. Mitinq təşkilatçıları cavabdan asılı olaraq növbəti birgə addımlarını müəyyənləşdirəcəklərini deyiblər: “İctimaiyyət Saakaşvilidən xalqın istəyini yerinə yetirməyi tələb edir. Bu, hakimiyyətin öz maraqlarını qorumaq və ölkəni çətin böhrandan çıxarmaqla bağlı vəzifə məsuliyyətini yerinə yetirmək üçün son şansıdır. Saakaşvili xalqa hakimiyyəti konstitusion yolla dəyişmək, dünyaya ləyaqətli və sivil millət olduğunu nümayiş etdirmək imkanı verməyə borcludur. Biz əminik ki, bu yolla ölkədəki böhrandan çıxmaq və azad, demokratik, ədalətli və güclü Gürcüstanın formalaşmasına nail olmaq mümkündür”. Paytaxt Tbilisinin Rustaveli prospektinə minlərlə insan toplayan Gürcüstan müxalifəti vətəndaşların ölkədə siyasi terrora, güc və qorxu mühitinə, seçki saxtakarlığına, azad mətbuata təzyiqlərə “yox” dediyini bəyan edib. Müxalifət liderlərindən Eka Beseliya Saakaşvili istefa verməyəcəyi təqdirdə xalqı vətəndaş itaətsizliyinə çağıracaqlarını söyləyib. Gürcüstanın Daxili İşlər Nazirliyi bu saatlara qədər mitinqin gedişində hər hansı qanun pozuntusuna yol verilmədiyini bəyan edib. Nazir müavini Yekaterina Zquladze jurnalistlərə açıqlamasında deyib ki, aksiya dinc şəkildə keçir. O qeyd edib ki, nazirlik mitinqçiləri qəzəbləndirməmək üçün küçələrə polis çıxarmamaq qərarına gəlib: “Biz yalnız strateji obyektləri mühafizə edirik”. Gürcüstandakı bugünkü mitinqi 14 müxalifət partiyası birgə təşkil edib. Onların arasında parlamentin keçmiş spikeri Nino Burcanadzenin rəhbərlik etdiyi Demokratik Hərəkat – Vahid Gürcüstan Partiyası, keçmiş müdafiə naziri İrakli Okruaşvilinin yaratdığı Vahid Gürcüstan Uğrunda Hərəkat, keçmiş xarici içlər naziri Salome Zurabişvilinin Gürcüstanın Yolu, Konstantin Qamsaxurdiyanın (Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdianın oglu) Azadlıq partiyaları və Mühafizəkar Partiya da var. Gürcüstanın BMT-dəki keçmiş səfiri İrakli Alasaniyanın rəhbərlik etdiyi “Gürcüstan üçün alyans” təşkilatı (bu qurumda Yeni Sağlar və Respublika partiyaları da təmsil olunurlar) və keçmiş baş nazir Zurab Noqaidelinin Ədalətli Gürcüstan Uğrunda Hərəkatı və parlament müxalifətinin bir hissəsi də etirazlarda iştirak edir. Bu gün səhərdən parlament binasının qarşısında «Qoy Mişa getsin» şüarı asılıb, yaxınlıqda iki çadır (biri aksiyanın qərargahı, digəri mətbuat mərkəzi üçün) qurulub. Mitinq təşkilatçılarının yeganə tələbi Mixail Saakaşvilinin istefası və yeni prezident seçkiləri üçün vaxt təyin edilməsidir. ABŞ Dövlət Departamentinin təmsilçisi Robert Vud həm hakimiyyəti, həm də müxalifətçiləri maksimum səbirli və ağıllı davranmağa çağırıb. O, “Gürcüstanın dostları kimi, biz bu ölkədə demokratiyanın qurulmasına cəhd göstərən bütün vətəndaşların yanındayıq” deyib. «Media forum»