spamİnternetdə göndərilən elektron məktubların 97%-ni spam təşkil edir. Belə nəticəyə Microsoft şirkətinin mütəxəssisləri apardıqları araşdırma zamanı gəliblər.

Spamın əsas hissəsi müxtəlif dərman təklifləri, fırıldaqçılar tərəfindən “iş təklifləri” və əxlaqsız saytlara linklərdən ibarətdir. Bu zaman spam məktubları tez-tez virus daşıyıcısı olurlar. Microsoft mütəxəssislərinin hesablamalarına görə, 1000 kompüterdən 8,6-sı virusa yoluxmuş maşınlardır. Həmçinin müəyyən olunub ki, xakerlərin cəhdləri daha çox Microsoft Office paketinin həllərinə və PDF formatlı sənədlərə yönəldilir.
Microsoft–un kompüter təhlükəsizliyi üzrə müşaviri Ed Gibson spamın artmasını bununla əlaqələndirir ki, xakerlər kompüter sistemlərinin zəif nöqtələrini axtarmaq əvəzinə daha çox istifadəçilərin diqqətlərini cəlb etməyə cəhd göstərir.
Bununla yanaşı Microsoft qeyd edir ki, spamın artmasına görə təşvişə düşmək lazım deyil.
Microsoft-un Britaniya bölməsinin kompüter təhlükəsizliyi üzrə rəhbəri Kliff Evansın sözlərinə görə, spam məktublarının əksəriyyəti yoxlanılaraq istifadəçinin poçt qutusuna çatmır.