Cavid Behruz
Son günlər əksər yazılı və virtual medianın gündəmini bir ayı məşğul edib gedir. Bu həmən o ayıdır ki, Azərbaycan xalqından və onun problemlərindən daha çox əhəmiyyət kəsb edir. Az qalsın iki ilə yaxındır pensiyaçıların artmayan pensiyalarından da, gündən günə baş alıb gedən infilyasıyadan da daha əhəmiyyətlidir bu ayı… Hətta bu ayı ANS telekanalında yeni yayıma başlayacaq olan evləndirmə proqramı “Toy olsun”u da, Mirşahin Ağayevlə Eynulla Fətullayev arasındakı məzələnmələri də kölgədə qoyub. Deyəsən bəziləri bu müqəddəs ayı bu ayıyla səhv salıblar. Azərbaycan dili də qəribədir eee. Hara dartsan oraya uzanır. Hə, sözümüzü yayındırmayaq bu ayı həmdə o ayıdır ki, Azərbaycanın iki böyük partiyasının öndə gələn şəxsləri onu paylaşdıra bilmir. Yəqin o qədər inkişaf etmişik ki, heç bir sosial problemimiz qalmayıb, Qarabağı da alıb orada qaraca qızın ayıyla rəqsini seyr edirik. Ya da o qədər harınlamışıq ki, ayı kababın dadmaq istəyirik, yanında da yüz illik çaxır… Nə bilim, evdə bişməyib, qonşudan gəlməyib. Sadəcə bunu deyə bilərəm; Allah ayılarını qoru…
